CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Filmlərə layiq sevgi hekayəsi: Əlilliyi olan cütlük hər şeyə rəğmən xoşbəxtdir

Abunə olmaq
Reportajımızın qəhrəmanlarının hər ikisi 1-ci qrup əlil hesab edilir. Fərqli xəstəliklərdən qaynaqlanmasına baxmayaraq, oxşar fiziki məhdudiyyətlərdən əziyyət çəkirlər. Onların sevgi hekayəsini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Namaz Namazov və Fatma Bayramova bir neçə tədbirdə görüşüblər, dost kimi ünsiyyət qurublar. Amma onların sevgi nağılı dərhal başlamayıb. Namaz Fatmaya elçi göndərməzdən öncə bəzi problemlərini həll etmək istəyib. Valideynlərin xeyir-duasından sonra 6-7 ay nişanlı qalan Namaz və Fatma nəhayət ki, evləniblər. Hal-hazırda isə xoşbəxt cütlük qızlarını böyütməklə məşğuldur.

29 yaşlı Namaz Gəncə şəhərində anadan olub. Uşaqlıqdan səhhətində yaranan problemlərə görə təhsil ala bilməyib və iş həyatında da çətinliklər yaranıb. Amma məhdudiyyətlər Namazı ruhdan sala bilməyib və o, qarşısına məqsəd qoyub, onları reallaşdırmağı özünə borc bilib. Həkimlərin ciddi qadağalarına baxmayaraq, valideynlərindən xəbərsiz pauerliftinq idman növüylə məşğul olmağa başlayıb. Son iştirak etdiyi yarış isə onu izləyənlərin yaddaşına həkk olub. Namazın 42 kq çəkisi olmasına rəğmən, 3-cü hərəkətin sonunda 251 kiloqramın öhdəsindən gələrək Gürcüstanda Avropa Çempionu tituluna sahib olub. Bütün bu əziyyətlərə baxmayaraq, Avropa birinciliyindən sonra diqqət və vəsait çatışmazlığı səbəbindən idmandan uzaqlaşmaq məcburiyyətində qalıb.

Fatma Babayeva isə omba çıxığı və diz qapaqları olmadan dünyaya gəlib. Atasını heç tanımayıb, anası isə Fatma hələ körpə ikən onu uşaq evinə verib. 9 yaşında isə xeyirxah bir ailə tərəfindən övladlığa götürülüb. Məhz onların nəvazişi və sevgisi Fatmaya bütün çətinliklərin öhdəsindən gəlməyə yardımçı olub.

Bu dəstəyin nəticəsi olaraq Fatma öz bacarıqlarını hələ məktəb yaşlarından üzə çıxarıb. Evdə fərdi təhsil alan Fatma eyni zamanda toxuculuq dərslərinə gedib. Çox gözəl əl qabiliyyəti olan Fatma zövqlü xalçalar toxumaqla yanaşı çox gözəl hörmə işləri də görür. O, onu başa düşən bir ailəyə düşdüyü üçün özünü xoşbəxt hesab edir.

Cütlüyün bir müddət öncə bir qız övladları dünyaya gəlib. Hər iki valideyni 1-ci qrup əlil olan körpənin normal inkişaf etməsi bütün ailənin sevincinə səbəb olub.

İşsizlik, yol, hərəkət, uşağa qayğı kimi çətinliklərlə üzləşən cütlük normal həyat sürmək, xoşbəxt olmaq, ən əsası isə körpə qızlarını sevgi içində böyütmək üçün var gücü ilə çalışır. 

Xəbər lenti
0