Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 28 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 26-da paytaxtın Nizami rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzi yanıb. Ticarət mərkəzində yanğının hansı səbəbdən baş verməsi ilə bağlı isə müxtəlif versiyalar irəli sürülür.
Orada çalışanlardan adının çəkilməsini istəməyən satıcı Sputnik Azərbaycan-a hadisə nəticəsində ona dəyən zərərdən danışır: "Mən orada satıcı idim. Bizim dükanımızda, təxminən 100 min manatlıq mal olardı. Mağazamız, tamamilə yandı. Ticarət mərkəzinin aşağısında isə iki anbarımız vardı. Bu mallar da, təxminən 400 min manat olardı. Hələ ki, bu anbarlardan xəbərimiz yoxdur".
Satıcının sözlərinə görə, mağaza sahibi malların bir hissəsini nisyə alıb.
Ticarət mərkəzinin yanması sahibkarlarla yanaşı, buraya çörək pulu üçün gələnləri də işsiz qoyub. Buna görə isə heç kim onlara işsizlik müavinəti vəd etmir.
"İşsiz qaldım. Ailə, külfət mənim əlimə baxırdı" – deyə digər həmsöhbətimiz danışır. O, əlavə edir ki, yanğın dönərxana və ticarət mərkəzinin alt mərtəbəsi hesab edilən gül dükanından başlayıb: "Mənə elə gəlir ki, bu yanğını söndürə bilərdilər. Niyə belə oldu, bilmirəm. Bir onu bilirəm ki, nə oldusa, biz işçilərə və sahibkarlara oldu. İndi isə işsiz-gücsüz qalıb, yanan binaya baxırıq".
Dünən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sahibkarları qəbul edib. O, nikbin vəd verərək hər bir şeyin hüquqi çərçivədə həllini tapacağını, sahibkarların 1 manatının belə, itib-batmayacağını deyib.
Sahibkarlar isə bir il ərzində ticarət mərkəzinə 2 min, 20 min, 40 min və müxtəlif məbləğlərdə icarə pulu verdiklərini xatırladaraq, "Diqlas" rəhbərinin dəymiş zərəri qarşılamağa imkanının olduğunu deyiblər.
Sığorta şirkətlərinin bazarı sığortalamadığını bildirən sahibkarlar çıxılmaz vəziyyətdə qalıb. Şikayətçilərin əsas tələbi və istəyi qısa müddətdə onlara dəymiş zərərin ödənilməsidir.
Kombi və aksessuarlarının satışı ilə məşğul olan sahibkar Kamran Abdullayev Sputnik Azərbaycan-a danışarkən bildirib ki, mağazasına 300 min manat məbləğində ziyan dəyib: "Amma içəri girib baxa bilmirik. İki anbardakı məhsullara görə nə qədər ziyan çəkəcəyəm, bunu bilmirəm".
Heç bir sığortanın olmadığını deyən sahibkar dövlət ödənişlərindən yayınmadığını bildirib: "İcarəni, vergini, kommunal xərcləri ödəmişik. Hər ay isə 100 manat Dövlət Sosial Müdafiə Fondu üçün ödəyirdim".
Sahibkarın sözlərinə görə, ticarət mərkəzində, ümumilikdə mindən artıq mağaza olub: "Məncə, sosial şəbəkələrdə yayılan xəbər doğrudur. Ümumilikdə ticarət mərkəzinə yarım milyard manatdan çox zərər dəymiş olar. Yəni bu zərər yarım milyard manatdan çox olar ki, az olmaz".
Yeni ticarət obyektinin 8 aya tikiləcəyini söyləyən sahibkarlar bunadək gözləmək niyyətində deyillər.
Xatırladaq ki, ticarət mərkəzinin birinci və ikinci mərtəbələrində tikinti materialları və geyim əşyaları, zirzəmisində, eləcə də üçüncü və dördüncü mərtəbələrində geyim əşyaları satılır.
Onu da qeyd edək ki, bu gün Prezident İlham Əliyev orada çalışanlara dəymiş ziyanın dövlət vəsaiti hesabına ödənilməsinə dair göstəriş verib.