Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 28 mart – Sputnik. Məşhur azərbaycanlı aktyor Ruslan Sabirli bu günlərdə özünün mentalist olduğunu bəyan etməklə hər kəsi şoka salıb. O, uzun illər bu faktı hamıdan gizlədib. İndi isə qərara gəlib ki, bunu açıqlasın. Sabirli Sputnik Azərbaycan-a müsahibəsində öz qeyri-adi qabiliyyətləri barədə danışıb.
- Ruslan, siz özünüzdə mentalist qabiliyyətlərin olduğunu nə zaman aşkarlamısız?
- Bu, hələ məktəb illərindən başlayıb. Uşaqlıqda kikboksinq və karate ilə məşğul olmuşam. Bir dəfə məşqçimizin yanına onun sehrbaz dostu gəlmişdi. O, bizə kartlarla sehr göstərdi. Bu, mənə maraqlı gəldi. Ondan soruşdum ki, bütün bunları necə edir? Xahiş etdim ki, mənə də bunu izah etsin. O da dedi ki, "bunun üçün öz üzərində işləməlisən". Həmin gün evə gələn kimi bu sehrin sirrini axtarmağa başladım. Bu zaman özümü və digər qeyri-adi qabiliyyətlərimi kəşf etdim.
- Sizin nəsildə belə bacarıqları olan adamlar var?
- Bildiyim qədər, heç kəs yoxdur. Mən ailənin yeganə uşağıyam. Valideynlərim üçün mənim bu qabiliyyətlərim şok idi.
- Niyə indiyədək bu bacarıqlarınızı hamıdan gizlətmisiz və niyə məhz indi bu barədə açıqlamaq qərarına gəlmisiz?
- Məktəbdə oxuyanda tez-tez bu bacarıqlarımı sinif yoldaşlarıma, sonra isə kurs yoldaşlarıma nümayiş etdirirdim. Tədricən bütün bunlardan yorulmağa başladım. Hər dəfə qonaq gedəndə hamı xahiş edirdi ki, onlara hansısa nömrə göstərim və onları əyləndirim. Mənimsə bunu etməkdən xoşum gəlmirdi. Çünki bu zaman böyük güc sərf edirdim. Ona görə də mən bütün bu qabiliyyətlərimi dərinlikdə gizlətmək və açıqlamamaq qərarına gəldim. Buna səbəb həm də aktyorluq karyerama başlamağım oldu və burada kifayət qədər uğur qazandım.
Bu günlərdə öz kurs yoldaşlarımla görüşdüm. Onların hər biri məndən o qabiliyyətlərimin nə yerdə qaldığı barədə soruşdu. Mənə yenidən bu işlə məşğul olmağı məsləhət bildilər. Oturdum, düşündüm və qərara gəldim ki, tamaşaçılara mənimlə bağlı bu faktı bilmək maraqlı gələcək.
- Sizin qabiliyyətləriniz nədən ibarətdir?
- Mentalizm – incəsənətin bir növü, publikaya psixoloji eksperimentlərin nümayiş etdirilməsi, telepatiya, öncəgörmə, psixokinez və digər bu kimi qabiliyyətlərin toplusudur. Mentalizmlə məşğul olan insanların heç də hamısında bu qabiliyyətlər yoxdur. Misal üçün mən fikirləri oxuya və əşyaları hərəkətə gətirə bilirəm. Bütün bunları sözlə izah etmək çətindir.
- Bu qabiliyyətləriniz həyatda sizə kömək edir?
- Mən heç vaxt bu qabiliyyətlərdən öz məqsədlərim üçün istifadə etməmişəm. Həyatda həmişə sadəcə doğru yolu seçməyə çalışmışam.
- Sizə verilən bu vergi sağlamlığınıza ziyan vurur?
- Yox, amma enerjimin çoxunu alır. Mən çox yoruluram. Hətta dünya şöhrətli mentalistlər belə, efirdə cəmi 30 dəqiqə çıxış edirlər və bütün bu zaman ərzində iki, ya da üş nömrə göstərirlər. Onlar bundan daha çoxunu göstərə bilmirlər, çünki bu zaman çoxlu enerji itirirlər.
- Siz məşhur amerikalı illüziyaçı və sehrbaz Devid Kopperfild kimi şou təşkil etməyi planlaşdırırsız?
- Uşaqlıqda Kopperfildin bütün şoularına baxmışam və həmişə onun kimi olmağı arzulamışam. O qədər də təminatlı ailədə doğulmadığım üçün xaricə getmək və çox şey öyrənərək bacarıqlarımı inkişaf etdirmək imkanım olmayıb. Müəllimə həmişə ehtiyac var.
- Bəs adamlar sizin bacarıqlarınız barədə yeniliyi necə qarşıladılar?
- Çoxları elə bilir ki, mənim ekstrasenslik qabiliyyətlərim var. Hətta elələri olub ki, məndən öz gələcəkləri barədə soruşublar. Onlara izah etməli olmuşam ki, mentalist ekstrasens deyil. Mən adamların keçmişini və gələcəyini görmürəm.
- Xaricdə bu sənətlə çox adam məşğul olur. Bəs Azərbaycanda niyə bu ixtisasa tələbat yoxdur?
- Xaricdə bütün bunlar əyləncə kimi qəbul olunur. İnsanlar bu cür şoulara gedib baxır və ondan zövq alırlar. Bizdə isə insanları yalnız onların gələcəyi maraqlandırır. Gələcəkdə bir neçə çarx çəkərək onları "YouTube"da öz kanalımda təqdim etmək fikrim var. Bu çarxlarda məşhur şəxslər iştirak edəcəklər.
- Bəs aktyorluq nə olacaq?
- Mən son illərdə Gürcüstanda yaşamışam. Orada bizneslə məşğul olmuşam və ona görə də aktyor yaradıcılığıma bir qədər fasilə vermişəm. Hazırda Bakıya qayıtmışam. Mənə dərhal azərbaycanlı rejissorlardan üç təklif gəlib, amma imtina etməli olmuşam. Çünki bugünkü seriallarımızın və filmlərin keyfiyyəti məni qane etmir. Mən yalnız keyfiyyət səviyyəsi artanda filmlərə çəkiləcəyəm. İndi öz imicimi korlamaq istəmirəm. İnanıram ki, zamanla hər şey yaxşılığa doğru dəyişəcək.