BAKI, 28 mart - Sputnik. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Nərimanov rayonunun sanitar təmizlik vəziyyətinə, yazın gəlişi ilə əlaqədar ağacların budanması, abadlıq və yaşıllıqların salınması, qorunması, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, müşavirədə bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən keçirlən reydlərdə müşahidə olunmuş nöqsan və çatışmazlıqlar barədə danışılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstəriş və tapşırıqları bir daha iclas iştirakçılarının nəzərinə çatdırılıb.
İcra başçısı Abdin Fərzəliyev Nərimanov rayonunun paytaxtın mərkəzi rayonlarından biri olduğunu, respublikamıza gələn turistlərin bu rayonda çoxluq təşkil etdiyini, Heydər Əliyev, F.X.Xoyski, M.K.Atatürk, Azadlıq prospektlərinin və digər mərkəzi küçələrin, eləcə də Bakı şəhərinin atributlarına çevrilmiş Heydər Əliyev və Bakı Konqres Mərkəzlərinin Nərimanov rayonunda yerləşdiyini qeyd edib. Vurğulayıb ki, təmizlik ayı çərçivəsində Rayon İcra Hakimiyyətində işçi qrupu yaradılıb və müvafiq tapşırıqlar verilib.
A.Fərzəliyev bildirib ki, rayon ərazisinin bəzi yerlərində, xüsusilə də gözdən kənar məhəllədaxili ərazilərdə narahatlıq doğuran problemlər, məişət tullantılarının vaxtında daşınmaması, bəzi küçə və həyətlərin natəmiz olması və s. hallar mövcuddur.
Müşavirə zamanı mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunaraq, onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Məsələ ciddi nəzarətə götürülüb.
İşində ciddi nöqsanlara yol verdikləri üçün, sanitar-təmizliyi qənaətbəxş olmayan 2 Mənzil Kommunal İstismar Sahəsinin rəisinə töhmət verilib. Digər mənzil istismar sahələrinin, eləcə də başqa xidmət sahələrinin rəhbərlərinə işlərində dönüş yaratmaları barədə ciddi xəbərdarlıq edilib.
Həmçinin müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi və yazın gəlişi ilə əlaqədar ağacların budanması, yeni yaşıllıqların salınması, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və qorunması ilə bağlı ciddi tapşırıq verilib.
Rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinə məişət tullantılarının gündə 2 dəfə, lazım gələrsə, 3 dəfə daşınması və utilizasiyaya göndərilməsi, məişət tullantıları üçün yeni konteynerlərin qoyulması, küçə və prospektlərin təmizliyi, işıqlandırılması, sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Artıq Ziya Bünyadov prospekti boyu və s. məhəllələrarası və məhəllədaxili ərazilər, küçələr işçi qrup tərəfindən təmizlənərək nəzarətə götürülüb.