BAKI, 27 mart — Sputnik. Milli Məclisin deputatları Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyev şəhərinə səfərə gedəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının tərkibində prosesə qatılacaq.
Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər. Səfər aprelin 2-də başa çatacaq.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.