CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransalı musiqiçi Azərbaycanı dünyaya tanıdacaq

© © Предоставлено Пьером де ТрегомайномПьер де Трегомайн
Пьер де Трегомайн - Sputnik Azərbaycan
Abunə olmaq
Pyer de Treqomayn: "Dünya bilməlidir ki, sizin mədəniyyətiniz nə qədər zəngin, gözəl və unikaldır"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 mart - Sputnik. Məşhur fransalı caz ifaçısı, beynəlxalq müsabiqələr laureatı Pyer da Treqomayn Azərbaycan xalqının qədim musiqi sənəti olan muğamı dərindən öyrənmək üçün çox səy göstərib. O, bunu Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib. 

Dərdlərini muğamla unudan gürcü - Sputnik Azərbaycan
VİDEO
Dərdlərini muğamla unudan gürcü

Treqomayn 18 ildir oxuyur. O, Mark Merfi və Tyeri Peal kimi məşhurlardan dərs alıb. 2008-ci ildə "My cold song" ("Mənim soyuq mahnım") albomu sayəsində Crest Jazz vokal müsabiqəsində birinci yeri tutub və bundan sonra şöhrət qazanıb. 

Yaradıcılığının son illərində Treqomayn dəyişikliklərə imza atıb - daha çox dünyanın müxtəlif xalqlarının mahnılarına üstünlük verməyə başlayıb. Onun diqqətini ən çox sufi musiqisi cəlb edib. 

Musiqiçinin dediyinə görə, muğamı ilk dəfə eşidəndə bu musiqini öyrənməyi qarşısına məqsəd qoyub. Treqomayn beləcə muğamı və Azərbaycan xalq mahnılarını öyrənməyə başlayıb. 

"Düşünürəm ki, hansısa mərhələdə mən buna nail olacağam. Mənim yaxşı müəllimim var - Qoçaq Əsgərov. O, mənimlə bu janrın sirrlərini bölüşür. Deyə bilmərəm ki, mən artıq peşəkaram, sizin sözünüzlə desəm, xanəndəyəm. Amma muğamı öyrənirəm və peşəkar səviyyədə muğam ifaçısı olmaq üçün mənə vaxt lazımdır. Hər dəfə sizin müğənniləri dinləyəndə, bu janra təkrar-təkrar vuruluram" - deyə Treqomayn bildirib. 

Onun sözlərinə görə, muğam dünyada ən unikal musiqi janrlarından biri kimi tanınıb. O, həmçinin qeyd edib ki, Azərbaycan muğamının bədii dəyəri, həm milli mədəniyyət, həm də bütün insanlığın mədəniyyəti üçün yüksək əhəmiyyəti 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən bəyan edilib. Bu qurum muğamı qeyri-maddi mədəni irs siyahısına daxil edib. 

Bu illər ərzində cazmen bir neçə muğamı, o cümlədən "Rast"ı, "Bayatı-Şiraz"ı, "Qarabağ şikəstəsi"ni və digərlərini öyrənməyə müvəffəq olub. O, "Sarı gəlin" mahnısını da öyrənib. Dediyinə görə, bu mahnı ona çox təsir edib. 

Treqomayn digər muğamları və xalq mahnılarını da ifa etmək istəyir. Bu işdə ona Qoçaq Əsgərov yardım edir: "Biz həm Azərbaycanda, həm də Parisdə dəfələrlə birgə konsert vermişik. Onunla muğam və cazın sintezini ifa etmişik. Tamaşaçılar valeh olublar. Qoçaqla əməkdaşlığı davam etdirməyi və birgə layihələrlə dünyanın digər ölkələrində də çıxış etməyi çox istəyirəm".

"Mən qarşıma məqsəd qoymuşam ki, bütün konsertlərimdə muğam oxuyum və Azərbaycan musiqisini bütün dünyada təbliğ edim. Dünya bilməlidir ki, sizin mədəniyyətiniz nə qədər zəngin, gözəl və unikaldır" - deyə Treqomayn bildirib.

2006-cı ildən indiyədək əməkdaşlıq etdiyi Azərbaycanın məşhur xanəndəsi, əməkdar artist Qoçaq Əsgərovla Pyer de Treqomaynın birgə "Mugham Souls" albomu Avropada 200 min nüsxə tirajla satılıb. Bu albomda muğam və cazın sintezindən ibarət kompozisiyalar yer alıb. Albomun yazılmasında məşhur azərbaycanlı musiqiçilər (Elnur Mikayılov - kamança, Kamran Kərimov - nağara və Vasif Hüseynzadə - piano) də iştirak ediblər. 

Xəbər lenti
0