BAKI, 27 mart — Sputnik. "Dövlətin ayrı-ayrı hüquqi və fiziki şəxslərin əmlakına təbii və ya texnogen hadisə nəticəsində dəymiş ziyanın əvəzinin ödəmək kimi pozitiv öhdəliyi yoxdur. Sadəcə dünyada belə praktika var ki, ziyan kütləvi olanda və sığorta şirkətlərinin bu ziyanı ödəmək üçün resursları kifayət etmədikdə dövlət yadım edə bilər".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, bu yardım ziyanın bir hissəsinin və ya tam olaraq əvəzinin ödənilməsi və ya hər hansı şəkildə (məsələn 5 il müddətinə vergidən azad etmək) ola bilər.
S.Məmmədovun sözlərinə görə, hətta baş verən hadisədə konkret hakimiyyət orqanının təqsiri olsa belə (məsələn nəzarətin zəif olması) bu halda da dövlətin birbaşa kompensasiya vermək kimi öhdəliyi yaranmır.
"Əgər dövlət buna rəğmən yardım edirsə bu daha çox humanizm məsələsidir, nəinki hüquqi öhdəlik. Əlbəttə Dövlət insanlara imkan çərçivəsində kömək etməlidir. İşsiz qaldıqda müavinət verməlidir, sığınacaq verməlidir və s." – deyə Məmmədov əlavə edib.