BAKI, 27 mart - Sputnik. Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edənlər Vergi Məcəlləsinin yeni qaydalarının tətbiqinin turizm şirkətləri üçün yaratdığı çətinliklərdən danışıblar. Həmçinin həmin çətinliklərin aradan qaldırılması yollarını açıqlayıblar.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, otellər assosiasiyası yaradılıb, yaxın günlərdə bələdçilər assosiasiyası da yaradılacaq: “Bizə gələn təklifləri nəzərə alıb üzərində işləyirik. Qısa zamanda bütün işləri görmək mümkün deyil, amma çalışırıq ki, işləri daha sürətlə görək”.
“Dövlət Turizm Agentliyi yaradılandan sonra yaxın şərqdən turist axını oldu. Bununla kifayətlənmirik, yaxın illərdə Çin, Hindistan və digər yerlərdən turist cəlbinə çalışırıq. Daha önəmli məsələni də qeyd edim ki, turizm reysteri yaradılacaq. Ən vacib məsələlərdən biri də statistik məlumatların yaradılmasıdır. Bunun üzərində işləyirik. Turizm haqqında qanunun da təkmilləşməsinin vaxtı çatıb. Bu qanunda da dəyişiklər ediləcək”.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə çıxışı zamanı bildirib ki, bizim şöbəmiz birbaşa turizm sənayesi ilə işləyir. “Turizm sənayesi digər sahələrdən fərqli olaraq 3-4 ay daha çox işləyir və gəlir götürür. Vergi qanunvericiliyində də bunu əks edilməsini istəyirik. Məqsədimiz turizm sənayesini təşviq edən qanunvericilik üzərində işlənilməsidir”.
“Biz bu tədbirə dəvət etdiyimiz peşəkarların da fikirlərindən istifadə etmək istəyirik. Bizə problemlərinizi və təkliflərinizi deyirsiniz, biz onları problem kimi qaldırıb həll etməyə çalışırıq” – deyə M.Muradov qeyd edib.
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov isə açıqlamasında deyib ki, 2019-cu il üçün də vergilərdə əhəmiyyətli dəyişikliklər edilib: “Bu, sahibkarların xeyrinədir. Xüsusilə mikrosahibkarlar üçün əmlak və mənfəət vergisinin 75 faiz azaldılması onların işlərinin inkişafı üçün önəmli addımlardır. Vergi bazarda tənzimləyici alətdir. Məhz sahibkarlar üçün əlverişli mühitin yaradılmasıdır”.
O bildirib ki, hər il sahibkarlardan gələn suallar və sorğulara baxılır, yaranan problemlər həllini tapır.