CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil"

© Sputnik / Rahim MuradovRəssam, heykəltəraş və dizayner Babaş Hacıyev
Rəssam, heykəltəraş və dizayner Babaş Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
"İstənilən adamın heykəlini də düzəldərəm, portretini də çəkərəm, numizmatikada onun simasını da həkk edə bilərəm"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Deyirlər ki, yaradıcı insanların qəlblərinin gözü var və dünyaya həmin gözlə baxırlar. Gördüklərini sözlə, musiqiylə və ya fırçayla ifadə edirlər. Astaranın Rinə kənd sakini, rəssam, heykəltəraş və dizayner Babaş Hacıyev də belə insanlardandır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri onun qonağı olub və haqqında ətraflı məlumat toplayıb. Dediyinə görə, istedad, bacarıq ona anasından keçib: "Ailəmizdə anamın da əl bacarığı var idi. Şəkil çəkməyi, toxumağı bacarırdı. O vaxt qızlar öz gəlinlik pərdələrini və başqa toxuma işlərini özləri görərdilər. Anamın da belə əl işləri çox idi. Pərdə, tül, asma və başqa toxumalar da hazırlayar, yundan corab, hətta kilim də toxuyardı. Mən də böyük övlad olduğum üçün ona çox kömək edərdim. Anam üçün ip də əyirmişəm. Həmçinin qum, gil, daş və ağaclara diqqətlə baxardım. Tikana heç vaxt tikan kimi baxmıram, tikan mənimçün sənət əsəridir. Gicitkənin yarpağında belə, nə qədər xəritələr, dəryalar var".

© Sputnik / Rahim MuradovRəssam, heykəltəraş və dizayner Babaş Hacıyev
Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil - Sputnik Azərbaycan
Rəssam, heykəltəraş və dizayner Babaş Hacıyev

Həmsöhbətimiz onu da bildirib ki, rəssamlıq bacarığının olduğuna görə 8-ci sinifdə oxuyanda atası onu Lənkəranda rəssamlıq dərnəyinə yazdırıb. 1980-ci ildə orta məktəbi bitirəndən sonra instituta qəbul ola bilmədiyinə görə Mədəniyyət Evində rəssam köməkçisi kimi işləməyə başlayıb. Hərbi xidməti bitirəndən sonra Moskvada texniki peşə məktəbini bitirib. Onun bir çox rəsm əsərləri Astara Rayon Qalereyasında və başqa yerlərdə nümayiş olunur.

İstedadlı rəssam indi davamçılarını yetişdirməyə çalışır: "İstənilən adamın heykəlini də düzəldərəm, portretini də çəkərəm, numizmatikada onun simasını da həkk edə bilərəm. İndi çalışıram ki, kəndimizdə 3-4 nəfər rəssam, memarımız olsun. Ona görə də rəssamlığı, çertyoj çəkməyi və heykəltəraşlığı öyrədirəm. Tarı kökləmək üçün simini çəkirlər. Sənətdə də elə bir şey var. Uşağın marağı, əl qabiliyyəti varsa, vaxtından onun simini çəkmək lazımdır. Ona yol göstərmək lazımdır ki, gələcəkdə böyük sənətkar olsun. Gələcəkdə rəssamlığa böyük ehtiyac olacaq. Ona görə indi şagird yetişdirirəm. Uşaqlar öz istəkləri ilə rəssamlığı öyrənməyə gəlirlər".

© Sputnik / Rahim MuradovBabaş Hacıyevin tələbələri
Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil - Sputnik Azərbaycan
Babaş Hacıyevin tələbələri

B.Hacıyevin fikrincə, zərgərlik də rəssamlıq işidir: "Sənətkarlıq tətbiqi sənətdən başlayır. Bunların hamısı zərgərliyə aiddir. Rəssam bir mənzərəni və ya bir əsəri zərgərliklə çəkirsə və hər hansı insan bir göz qırpımında onun çəkdiyi əsəri başa düşürsə, bu, onun sənətinin gözəlliyini sübut edir. Rəsm əsərini rəssamın özündən başqa heç kim təsəvvür edə bilməz. Rəssamlıqla yanaşı heykəltəraşlıq da mənimçün çox əzizdir, hər ikisini də eyni səviyyədə sevirəm. Həkk etməni də çox gözəl bilirəm. İstənilən medalyonu və rəsmi mənə versələr, mis və ya gümüş üzərinə həkk edə bilərəm".

O, öz sənətini övladlarına da öyrədib: "Bu sənəti çətinliklə qazanmışam. Övladlarıma sənətimi öyrətdiyimə görə indi rahat yaşayıram. Heç bir mükafatım yoxdur, heç kənd sakinləri də məni dahi hesab etmirlər. Ancaq övladlarıma öyrətdiyim sənət mənim üçün mükafatdır. Bu gün övladlarım öyrətdiyim sənətin hesabına yaxşı qazanc əldə edirlər. Dahilər deyiblər ki, sənətkar ancaq günortaya qədər ac qala bilər. Yəni sənətkar günortaya kimi işini görüb bitirsə, günortadan sonra öz zəhmət haqqını mütləq alacaq".

© Sputnik / Rahim MuradovBabaş Hacıyevin tələbələri
Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil - Sputnik Azərbaycan
Babaş Hacıyevin tələbələri

Həmsöhbətimiz deyib ki, rəssamlığı öyrətmək üçün öncə onu sevdirmək lazımdır və buna lap kiçik yaşdan başlamaq lazımdır: "Nə uşaq bağçalarında, nə də orta məktəblərdə tədris olunan rəsm dərslərində rəssamlığı sevdirmişik. Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil. İndi hər kəs istəyir ki, öz evində qonaq, uşaq otağı və sair olsun və o otaqları dizayn etdirmək istəyir. Bu sənəti sevənlər isə divarlarda mənzərə, portret çəkdirməyə səy göstərirlər. Rəssamlığı öyrənmiş olsalar, elə özləri bu işi görə bilər. Mən də şəxsi evlərin divarlarında rəsm əsərləri yaratmışam, böyük mənzərələr çəkmişəm, şəlalələr düzəltmişəm".

Həmsöhbətimiz həvəsi olan uşaqlara həyətində tikdiyi "Rəssam Evi"ndə dərs verir: "Buranı tikəndə məqsədim çəkdiyim rəsmləri satışa çıxarmaq idi. Bilmirdim ki, bu qədər şagirdim olacaq. Şagirdlərimin sayı artdıqca burada uşaqlara rəssamlığı təmənnasız olaraq öyrətməyə başladım. Bu obyektdə ən böyük qazancım tələbələrimdi. Bütün çətinliklərə dözürəm, imkan daxilində hər iş görməyə çalışıram. Uşaqlar üçün Bakıdan, Lənkərandan kətan, rəng, akvarel alıram. Camaat da gördüyümüz işi bəyənir".

© Sputnik / Rahim MuradovBabaş Hacıyevin əsərləri
Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil - Sputnik Azərbaycan
Babaş Hacıyevin əsərləri

Sənətkarın dolanışığı da elə rəssamlıqdan çıxır. Bu sənətlə düz 5 övlad böyüdüb, ev-eşik sahibi edib. Bəzən dəyərli əsərlərini belə, satmağa məcbur qalıb. Ancaq heç kimə möhtac olmayıb: "Dünyanı sənətsiz və sənətkarsız təsəvvür etmək olmur. Dünyanı gözəlləşdirən memarlar, heykəltəraşlar və rəssamlardır. Məni kəndimizdə, uzağı min nəfər, təxminən, 500 nəfər də rayonda tanıyır. Doqquz milyonluq xalqımız məni tanısa, rəssam dolana bilməz ki? Əlbəttə ki, dolanar. Rəssam çox tanınsa, özü üçün şəkil çəkməyə belə, vaxtı qalmaz".

Söhbətimizin sonunda öyrəndik ki, B.Hacıyev əvvəllər Moskvada, Sankt-Peterburqda və Orta Asiyada öz sənətinə dair işlər görüb. Həmçinin Səmərqənddə qədim üslubda ornamentlərin çəkilməsi, məscidlərin içərisində ornamentlərin işlənilməsi, dekorların verilməsi və sair işlərini də görüb.

Xəbər lenti
0