BAKI, 25 mart — Sputnik. Bioloqlar bildirir ki, köpək balıqlarının nəsli tükənməyə başlayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin (BTMB) məlumatına görə, köpək balığının indiyə qədər öyrənilən 58 növündən 17 növü yox olmaq təhlükəsi ilə üz-üzədir. Bunlar arasında dünyanın ən sürətli köpək balığı olan mako da var. Bu köpək balığı saatda 70 kilometr sürətlə üzə bilir.
Nəsli tükənməkdə olan köpək balıqları Asiya bazarlarında çox sevilir. Çünki onların əti və üzgəcləri əsl delikates sayılır.
Bu gün xüsusilə 6 növün vəziyyətinin son dərəcə kəskin olduğu bildirilir. Onlardan pişik köpək balığı, Pataqoniya dəniz mələyi və yumru mələk-köpək balığı növləri ilk dəfə bu siyahıya düşüb. Daha 11 növ isə tükənmə təhlükəsinə yaxındır.
Alimlər vəziyyətin çox ağır olduğunu deyirlər. Köpək balıqları 400 milyon ildir okeanda yaşayır. Lakin quruda bir çox vəhşi heyvanların kökünü kəsən insan, indi də okeanda onların nəslinin tükənməsinə səbəb olur.