İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 25 mart — Sputnik. Sovet dövrünün əfsanələrindən olan QAZ 21 "Volqa" avtomobili klassik görünüşü və tarixi nüfuzuna görə həmişə diqqəti cəlb edə bilib. Retro maşın həvəskarlarının əlçatanlığı və asan bərpa olması baxımından üstünlük verdiyi bu avtomobillərə ölkəmizdə də rast gəlmək mümkündür. Bu cür avtomobillərdən bir də 57 yaşlı Şəmkir rayon sakini Elbəyi Xəlilov tərəfindən saz vəziyyətdə saxlanılır.
E.Xəlilov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində gözünü açandan 1959-cu il istehsalı olan QAZ 21-i həyətlərində gördüyünü, onunla bağlı acılı-şirinli xatirələrinin olduğunu söyləyib. Bu səbəbdən atası vəfat edəndən sonra illərdir qarajda saxlanan avtomobili yenidən yığmaq qərarına gəlib.
O, maşının hazırkı vəziyyətə gəlməsi üçün 10 min manata qədər xərc çəkdiyini bildirib: "Kuzovda bütün detallar özünə aiddir. Digər detalların əksəriyyəti isə evdə var idi. Əsas xərc rənglənməsinə getdi. Detalları digər retro maşınlara baxanda asan tapmaq olur. Üzərində ən bahalı hissələri qabaq tor və ceyran fiqurudur ki, qiyməti 400-500 manat aralığında dəyişir. Bundan başqa, salonda fil sümüyündən detallar var ki, onlar da müəyyən qədər xərc aparıb".
60 ilin avtomobili olmasına baxmayaraq, heç 100 min km sürülməmiş "Volqa" E.Xəlilov üçün çox qiymətlidir. O, indiyədək bir çox maşına sahib olsa da, bundan rahat avtomobili olmadığını söyləyib: "Uşaqlıqdan buna marağım böyük olub. Bundan aldığım zövqü heç bir avtomobildən ala bilmirəm. Evdə başqa iki avtomobilim var, amma hara gedirəmsə, bunla gedirəm".
"Məndə belə bir hissiyyat var ki, bu maşında bütün vəziyyətlərdən çıxa bilərəm. Bunun sürət qutusu 3 pilləli olsa da, elə nizamlanıb ki, rahatlıqla saatda 140 km sürətlə sürməyə imkan verir", - deyə Şəmkir sakini məlumat verib.
Elbəyi Xəlilov avtomobilə marağın çox böyük olduğunu, getdiyi yerlərdə hər kəsin onun başına yığışdığını deyib. Ən çox maraqlananların isə alıcıların olduğunu qeyd edib.
"Almaq istəyənlərdən zəng zəngin arxasınca gəlir. İki ay əvvəl 45 min manat təklif etdilər. Mən də 90 min manat dedim ki, çıxıb getsin", - deyən E.Xəlilov ata yadigarı olan bu avtomobili ömrünün axırına kimi saxlamaq fikrindədir.