Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Uşaqkən bir gözünü itirən aktyor mətbəxdə işləməyə üstünlük verir

© Sputnik / Nigar Maharram"ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərov
ƏSA və YUĞ teatrının gənc aktyoru Elşən Əsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
"Bayağı film tamaşaçıya, ekran önündə əyləşən azyaşlıya heç nə öyrətməyəcək"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 24 mart — Sputnik. Budəfəki müsahibimiz "ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərovdur. O, 15 il öncə - 13 yaşında ikən bir gözünü itirib. Buna baxmayaraq, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsindən məzun olub. İndiyədək müxtəlif qiraət müsabiqələrində qalib gəlib.

- Qısaca da olsa, bu müddətdə gördüyünüz işlər haqda məlumat verərdiniz.

- Təxminən, 3 ildir ki, teatrdayam. Buna qədər bir müddət Azərbaycan Milli Teleradio Şirkətində çalışmışam. Seriallarda da rol almışam. "ƏSA" Teatrında "Paris partladı" tamaşasını qurmuşam. Bu vaxtadək isə təxminən, 7 tamaşanın rejissoru olmuşam, 30-dək səhnə əsərində rol almışam.

- Kommersiya filmlərdən təklif almısınızmı?

- Ötən il bir neçə filmə çəkilmək üçün dəvət aldım. Lakin bu təkliflərdən yalnız birini dəyərləndirdim. Düşünürəm ki, kommersiya məqsədli bayağı filmlərə çəkilməkdənsə, kafeyə gedib mətbəxdə işləmək daha yaxşı olar. Necə ki, 2-3 gün öncə də çalışdığım kafelərdən birinin mətbəxində işləyib pul qazanırdım. Əvvəllər də marketdə işləyib simit, çörək, şirniyyat bişirib pul qazanmışam. Ona görə də boşluq olanda bayağı təkliflərdənsə, bu cür işləməyə üstünlük verirəm. Hesab edirəm ki, bayağı film tamaşaçıya, ekran önündə əyləşən azyaşlıya heç nə öyrətməyəcək. O səbəbdən də, kiməsə ziyan vurmadan hər yolla pul qazanmaq olar.

© Sputnik / Nigar Maharram"ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərov
Uşaqkən bir gözünü itirən aktyor mətbəxdə işləməyə üstünlük verir - Sputnik Azərbaycan
"ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərov

- Rayonda yaşayan valideynlərinizə kömək etmək imkanınız varmı?

- Yox, subay olsam da, onlara kömək edə bilmirəm. Qazancım ancaq özümə yetir. Çünki kirayədə qalıram.

- Teatrlardan qazancınız necədir?

- "ƏSA"da, il boyu hesablasaq, 3, yaxud 4 tamaşa oynanılır. Daha çox işləmək istəsək də, buna imkanımız olmur. Qazanclara gəldikdə isə "ƏSA"da aktyora tamaşanın oynanma, məşq müddətindən asılı olaraq aylıq məvacib verilir. Hətta yol pulu xərcləri də ödənilir. Teatrdan, təxmini gəlirlərimiz 500-600 manat civarındadır. "ƏSA"dan fərqli olaraq dövlət teatrında hər ay məvacib alırıq.

- Əsas problemləriniz, əngəllər nədir?

- Bu gün teatrdakı məşqlərə görə yer problemimiz var. Bunun üçün böyük məşq zalına ehtiyac var. Hər tamaşaya görə kirayə ödəyirik. Buna görə də bizi hər tamaşaya hazırlaşdıqda hər dəfə kirayəni necə verəcəyik, harada oynayacağıq, sponsoru necə tapacağıq kimi suallar narahat edir. İstəmirik ki, "hər ay qapımızı döyüb nə qədər işıq pulu istəyəcəklər" kimi suallarla beynimizi yükləyək. Digər problem odur ki, tamaşa və məşq bitdikdən sonra tər-su içində oluruq. Şəraitsizlik olduğu üçün çölə çıxanda xəstələnirik.

© Sputnik / Nigar Maharram"ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərov
Uşaqkən bir gözünü itirən aktyor mətbəxdə işləməyə üstünlük verir - Sputnik Azərbaycan
"ƏSA" və "YUĞ" teatrının gənc aktyoru Elşən Əsgərov

- Əngəllərdən danışdıq. İstərdim başınıza gələn arzuolunmaz qəzadan da danışasınız.

- 13 yaşım vardı, həyətdə oynayırdım, yıxıldım, taxta gözümə girdi. İlk illərdə bunu qəbul etmək mənim üçün çox çətin idi. Amma əsas olan odur ki, mənim üçün elə bir əngəl, kompleks yaranmadı. Buna görə heç bir kompleks formalaşdırmadım. Ətrafımda da mənə mane olacaq insan yoxdur.

- İnsan üçün əngəl nədir, ümumiyyətlə?

- İnsan üçün əngəl onun nəfsindən başlayır. Mənim üçün hazırda əsas əngəl maddiyatla bağlıdır. Çünki bir iş görmək istəyəndə maddi məsələ əngəl olaraq qabarır. Hazırda bir qısa film çəkməyi planlaşdırıram. Bunun üçün maddiyata ehtiyac var.

- Əlilliyə görə aldığınız məvacib müəyyən probleminizi qarşılamağa imkan verirmi?

- Mən 3-cü qrup əliləm. Əlilliyə görə məvaciblər azdır. Çünki həkimə gedib bir dərman yazdırmaq üçün azı 40-50 manat xərcləməli olursan.

Xəbər lenti
0