BAKI, 22 mart - Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd dibçəkdə, hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.