Ceko nə qədər yaxşıdır?

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidФутбол. Лига чемпионов. Тренировка ФК "Рома"
Футбол. Лига чемпионов. Тренировка ФК Рома - Sputnik Azərbaycan
Abunə olmaq
Edin Ceko Avropanın əsas sərrast futbolçularından biri olaraq qalır. Şənbə günü isə Bosniyanın “brilyant”ı milli komandası üçün 100-cü matçını keçirə bilər. Ceko haqqında daha ətraflı məlumatı “UEFA.com”un təqdim etdiyi materialdan ala bilərsiniz.

Onun haqqında nə deyirlər?

“Məşqçilərin hücumçu yaratmaq imkanı olsaydı, mən Ceko kimisini yaradardım. O, ideal prototipdir: güclü, hündür, boyuna görə sürətli, inadkar, xarakterli və yaxşı texnikalı”. “Roma”nın keçmiş baş məşqçisi Luçano Spalletti

“O, futbol oynaya bilməsə də, anadangəlmə “qoleador”dur”. “Oasis” qrupunun iştirakçısı və “Manchester City” klubunun fanatı Noel Qallaxer

“Edin Avropanın ən yaxşı hücumçularından biridir. Görəcəksiniz. O, İbrahimoviçdən də güclüdür”. Bosniya və Herseqovina, İsveçrə və Xorvatiya millilərinin keçmiş məşqçisi Miroslav Blajeviç

“Sönük birinci mövsümdən sonra Cekonun “A Seriyası”nda ən sərrast futbolçu olacağını deyəndə italiyalı jurnalistlər üzlərini turşutdular və hətta güldülər. İndi kim gülür?” Bosniya və Herseqovina milli komandasının keçmiş baş məşqçisi Mehmed Bajdareviç

“Onunla ilk dəfə 2003-cü ildə, “Jelezniçar”a rəhbərlik etməyə başlayanda görüşmüşdüm. 17 yaşı var idi və təəccüblü idi ki, həmin vaxt heç kəs hələ də onun istedadını görməmişdi. Mən isə oğlanın istedadlı olduğunu gördüm”. “Jelezniçar”ın keçmiş baş məşqçisi İrji Plişek

Statistika

Bosniya və Herseqovina millisində: 99 matç, 55 qol Avrokuboklarda: 89 matç, 38 qol Milli turnirlərdə: 501 matç, 225 qol

“Jelezniçar” 

• Yarımmüdafiəçi kimi oynamağa başlayıb və 2002/03 mövsümündə Sarayevonu təmsil edən klubun heyətində yunior kubokunu qazanıb. Gənclik illərində onun müəllimi olmuş Yusuf Şexoviç xatırlayır: “O, istedadlı, həm də çox inadkar idi. O, heç vaxt böyük futbolçu olacağına şübhə etmirdi. Buna görə də qürur duyuram. O, bütün gözləntiləri aşdı. O, bizim brilyantımızdır”.

• Lakin, “Jelezniçar”da heç də hamı Cekonun perspektivli olduğunu düşünmürdü. 2005-ci ildə Çexiyanın “Teplitse” klubu onun üçün 25 min avro təklif etdi. “Lotereya qazandığımızı düşünürdük”, - bu qədər pula təəccüblənmiş və sevinclə müqaviləni bağlamış klubun direktorlarından biri deyib.

“Teplitse” və “Usti-nad-Labem” (icarə əsasında)

• İcarəyə verildiyi ikinci divizion komandası olan “Usti-nad-Labem”in heyətində 15 matçda altı qol vurub. Həmin vaxt bu diqqətəlayiq nəticə hesab edilirdi və növbəti mövsümdə Ceko artıq “Teplitse”də oynamağa başladı. 2006/07 mövsümündə 13 qolla Çexiyanın ən çox qol vuranlar siyahısında ikinci yeri tutduqdan sonra “Volfsburq”dan dəvət alıb.

“Volfsburq”

• 2008/09 mövsümündə “Volfsburq” fiziki hazırlıq həvəskarı kimi tanınan Feliks Maqatın rəhbərliyi altında Almaniya çempionatını qazanıb. Hücumçular Ceko (26 qol) və Qrafite (28 qol) ümumilikdə 54 qol vuraraq “Bundesliqa” tarixində ən yaxşı “snayper dueti” adına layiq görülüblər. Onlar, həmçinin 1971/72 mövsümündə “Bavariya” üçün 53 qol vurmuş Gerd Müller və Uli Hennessi üstələyiblər.

• “Bundesliqa”da ilin oyunçusu seçilib və mövsümü Almaniya kubokunun ən sərrast oyunçusu kimi başa vurub (6 qol ilə).

• “Bundesliqa”nın növbəti mövsümündə 22 qol vurub və yenidən bu göstərici üzrə ən yaxşı futbolçu olub. O, komanda yoldaşlarını da unutmayıb: belə ki, Ceko 10 məhsuldar ötürmə verib.

“Adətən “qoleador”lar yalnız özləri haqqında düşünürlər. Edin Ceko belə deyil”, - “Jelezniçar”ın və Yuqoslaviya milli komandasının keçmiş yarımmüdafiəçisi İvitsa Osim deyib.

• 2011-ci ildə “Volfsburq”un tarixində ən çox qol (66) vuran oyunçu kimi “Mançester Siti”yə keçib. Avropa kuboklarında hərəyə 9 qol vurmuş Ceko və Qrafite komandanın əsas “snayper”ləri adına layiq görülüblər.

“Mançester Siti”

• 2011-ci il avqustun 28-də Ceko “Mançester Siti” klubunun Premyer Liqa matçlarında “poker” edən ilk oyunçusu olub. Bu “Tottenhem” ilə səfər oyununda baş verib (5:1). Bundan başqa, hücumçu “mükəmməl het-trik”ə imza atıb. Yəni o, sağ və sol ayağı, eləcə də başı ilə qol vurub.

Çempionatın final mərhələsində “Kuins Park Reyncers” ilə oyununun 92-ci dəqiqəsində Ceko hesabı bərabərləşdirib. Ardından isə Serxio Aquero qələbə qolunu (3:2) vuraraq “Siti”yə 44 ildə ilk qızılı qazandırıb.

• O, Mançester derbilərində ikinci ən sürətli qolun müəllifidir. Belə ki, Ceko 2014-cü il martın 24-də “Old Trafford”da baş tutmuş matçın 45-ci saniyəsində fərqlənə bilib. “Şəhərlilər”in oyunçularından yalnız Dennis Teart bu göstəriciyə görə Cekonu üstələyir – Teart 1975-ci ilin noyabrında keçirilmiş oyunun 39-cu saniyəsində fərqlənib.

• Premyer Liqanın 6 derbisində 174 dəqiqə ərzində 4 qol vurub. Bu qolların hamısı “Old Trafford”da vurulub. O, İngiltərə Super Kuboku uğrunda matçda da “Mançester Yunayted”in qapısına yol tapa bilib, eləcə də “Volfsburq”un heyətində “qırmızı şeytanlar”ı iki dəfə məyus edib. Ceko “Mançester Yunayted”ə qarşı 9 oyunda 7 qol vurub: bu orta hesabla hər 63 dəqiqə ərzində 1 qola bərabərdir.

• “Siti”nin heyətində İngiltərədə bütün mümkün titulları – iki Premyer Liqa kubokunu (2011/12, 2013/14), “FA Cup” kubokunu (2010/11), İngiltərə Liqa Kubokunu (2013/14) və İngiltərə Super Kubokunu (2012) qazandan sonra 2015-ci ildə “Roma”ya yola düşüb.

“Roma”

• Bosniyalının debüt mövsümü uğursuz alınsa da, 2016/17 İtaliya çempionatının ilk 10 matçında 10 qol vurub. “Roma”da axırıncı dəfə belə göstəriciyə 2000/01 mövsümündə Qabriel Batistuta nail olub. Həmin vaxt romalılar “A Seriyası”nda qalib gəlmişdilər.

• Ceko – beş aparıcı Avropa çempionatında (İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa) keçmiş Yuqoslaviyanı təmsil edən ən məhsuldar oyunçudur. Hazırda onun aktivində 176 qol var. Ceko bu rekorda 2016/17 mövsümündə imza atıb. Əvvəllər bu rekord göstərici xorvatiyalı Davor Şukerə (129) məxsus idi.

• 2016/17 mövsümü ərzində bütün turnirlərdə 39 qol vurub. Beləliklə, “Roma”nın Rodolfo Volka və Françesko Tottiyə məxsus klub rekordlarını (32 qol) qırıb.

Bosniya və Herseqovina millisi

• 2012-ci il sentyabrın 7-də Lixtenşteynlə oyunda “het-trik” edərək milli komandanın tarixində ən sərrast oyunçu olub. Bu göstərici ilə o, Zvezdan Misimoviç və Elvir Boliçi geridə qoyub. Ceko 55 qolla Avropa komandalarının tarixində ən çox qol vuran oyunçuların siyahısında 10-cu yeri bölüşür.

• Dünya Çempionatı-2014-ün (DÇ-2014) seçmə mərhələsində Cekonun vurduğu 10 qol onun milli komandasına tarixində iştirak etdiyi ilk böyük turnir olan DÇ-yə getməyə kömək edib.

• 2018-ci ilin sentyabrında Bosniya və Herseqovina millisinin heyətində oynadığı matçların sayına görə qohumu Emir Spahiçi (94) geridə qoyaraq rekordsmen olub. Tezliklə Ceko Bosniya futbolu tarixində 100-dən çox matç keçirmiş ilk oyunçu olacaq.

Bilmədikləriniz

• Balkanlardakı müharibə Cekonun uşaqlığını əlindən alıb. “Müharibə başlayanda altı yaşım var idi. Dəhşətli idi. Evimiz dağılmışdı, ailəmiz isə nənə və babamızın evinə köçmüşdü. Hamımız, təxminən 15 nəfər, bir kiçik mənzildə yaşayırdıq. Çətin idi. Hər gün tanışlarımızdan kiminsə öldürüldüyü xəbəri gəlirdi. Bu davamlı stress idi. Bir çox futbolçu karyeralarını küçədə oynayaraq başlayıb. Mənim isə belə bir imkanım olmayıb. Lakin müharibə bitəndə psixoloji olaraq gücləndim”, - Ceko deyib.

• Ceko hündür və yöndəmsiz olduğundan yarımmüdafiəçi kimi “Jelezniçar”da uğur qazana bilməyib. Bosniyada zarafat olaraq ona “Klots” (yerli jarqonda “işıq dirəyi”) ləqəbini vermişdilər.

• Maqat Cekonu yalnız skautların təhlilləri əsasında və onun videogörüntülərini izləyəndən sonra “Volfsburq”a dəvət edib. Klubda isə onlar arasında artıq canlı görüş baş tutub.

• Ceko topla yaxşı işlədiyi kimi, həm də dilləri rahatlıqla öyrənir. O, “Viktoriya” ilə matç üçün “Siti”nin heyətində Çex Respublikasına gələndə jurnalistlərlə çex dilində sərbəst danışırdı. O, ana dili ilə yanaşı alman, ingilis və italyan dillərində də danışa bilir.

• Ceko hələ də vətəni ilə möhkəm əlaqələrə malikdir. Onun həyat yoldaşı bosniyalı model Amra Silayciçdir. Onlar 2014-cü il mart 31-də ailə həyatı qurublar. Cütlüyün Una adlı bir qızı və Dani adlı bir oğlu var. Ceko 2016/17 UEFA Avropa Liqasında birinci “het-trik”indən sonra Unaya top hədiyyə edib: “Viktoriya” ilə oyunda ilk “het-triki”mi edəndən sonra topu evə gətirdim. Una dərhal onu özünə götürdü və qaytarmaq istəmirdi, bütün günü onunla oynayırdı. İkinci “het-trik”imi (“Villarreal”ın qapısına) ona həsr etdim”.

• “Volfsburq”da oynayarkən “Milan”ı xəyallarının klubu adlandırıb. “Karyeramın müəyyən məqamlarında orada oynamaq istəyirdim”, - uşaqlıq kumiri Andrey Şevçenko olmuş Ceko deyib.

Özü nə deyir?

“Kim oluramsa olum və nə edirəmsə edim, ən başlıcası həmişə insan olaraq qalmaqdır. Məni belə böyütdükləri üçün valideynlərimə çox minnətdaram. Hər zaman bu prinsiplərə riayət etməyə çalışıram.”

“Həmişə əlimdən gələn hər şeyi etməyə çalışıram. Bəzən bu istənilən nəticəni əldə etmək üçün kifayət edir, bəzən də yox. Ancaq heç vaxt təslim olmuram və bu da dəyişməyəcək”.

“Qollar məni çox narahat etmir, baxmayaraq ki, bu mənim işimdir. Komanda yoldaşlarımdan kimsə qol vuranda mən də sevinirəm. Yalnız qələbələr vacibdir”.

“Beş il İngiltərədə keçirdim, çox qol vurdum və kifayət qədər titul qazandım. Ən yaxşıları ilə birlikdə ən yaxşılarına qarşı oynamaq şansım oldu. Bu təcrübə mənə çox kömək edib, lakin mənə elə gəlir ki, indi “Mançester Siti”də olduğumdan da güclüyəm”.

“Almaniyada çox gözləntilər var idi, İngiltərədə daha da çox. Amma heç bir şey Roma ilə müqayisə edilə bilməz. Bu, klubla xüsusi əlaqəsi olan xüsusi bir şəhərdir. Mançesterdə nahara və ya gəzintiyə çıxa bilirdim, insanlar zaman-zaman məni saxlayıb nəzakətlə mənimlə şəkil çəkdirməyi xahiş edirdilər. Romada isə şəhərdə normal gəzmək mümkün deyil”.

“Karyeramın bitməsindən sonra nə edəcəyim haqqında heç düşünmürəm. Üç illik müqaviləm var və düşünmürəm ki, bu mənim son müqaviləmdir. Sadəcə bu anın dadını çıxarmaq, qollar vurmaq və qələbə qazanmaq istəyirəm. Mümkün olduğu qədər uzun müddət”.

Daha nəyə nail ola bilər?

• Mövsüm ərzində çempionatda 30 qol vura bilər. 2015/16 mövsümündə “Seriya A”nın rekordunu “Napoli”nin keçmiş hücumçusu Qonzalo İquain təyin edib (36 qol). Bir mövsüm sonra Ceko “Roma”a üçün 29 qol vurmağı bacarıb.

• Ceko vurduğu qollara və keçirdiyi matçlara görə Bosniya və Herseqovina millisinin rekordsmenidir. Lakin Bosniya əsilli bir oyunçu onu hələ də qabaqlayır. Söhbət, təbii ki, İsveç millisi üçün 116 görüşdə 62 qol vurmuş Zlatan İbrahimoviçdən gedir. Ceko “Los-Anceles Qalaksi” klubunun hücumçusunu üstələyə biləcəkmi?

• Kriştianu Ronaldunun UEFA dünya kuboku seçmələrindəki qol rekordunu yeniləmək. Portuqaliyalı 30 qolla liderdir, Şevçenko (26 qolla) və Ceko (24 qolla) onu izləyirlər. 

• İtaliya çempionu olmaq. Cekonun unikallığı ondadır ki, o, Avropanın beş aparıcı liqasının üçündə 50-dən çox qol vurub. O, Almaniya və İngiltərə çempionatlarında qalib gəlib, ancaq onun kolleksiyasında hələ “italyan qızılı” yoxdur. Ceko özü də həmişə bunu deyir: “Mən artıq Almaniya və İngiltərə çempionu olmuşam. İndi isə növbədə İtaliyadır”.

Xəbər lenti
0