CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakıda sürücülər velosiped sürənlərə öyrəşməyiblər"

© Sputnik / Irade JELILTural Abbasov
Tural Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
"Asiyadan başladım, cənubi-şərqi Asiyaya, oradan Avstraliyaya, sonra Şimali Amerikaya və nəhayət Avropaya getdim"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. İnsanların əksəriyyəti dünya səyahətinə çıxmağa, fərqli mədəniyyətlər, ərazilər görməyə can atır. Bunun üçün isə vaxt və pul lazımdır. Tural Abbasov isə dünya səyahətinə çıxmaq üçün daha ekonom vasitə tapıb. O, dünyanı velosiped ilə gəzməyi bacarıb. Velo-səyahətçi Sputnik Azərbaycan-a müsahibəsində gəzdiyi yerlər və gördükləri haqqında danışıb.

- Velosipedə marağınız haradan yaranmağa başladı?

- Velo-mədəniyyət yavaş-yavaş olsa da, artıq Azərbaycanda, xüsusilə Bakıda inkişaf edir. Hətta qadınların da bu idman növünə maraq göstərdiyini demək olar. O ki qaldı mənə, yalandan deyə bilmərəm ki, əvvəldən ikitəkərli nəqliyyat vasitəsinə sevgim olub. Sadəcə artıq çəkim olduğu üçün idman zalına gedirdim. Eyni yerdə standart məşqdən bezdiyim üçün qərara gəldim ki, özümə velosiped alım. Həm əyləncəli olsun, həm də kalori itirərək arıqlayım. Başladım şəhərdə sürməyə, işə gedib-gəlməyə. 2013-cü ildə ilk dəfə özümə yaxşı velosiped almışam.

© Sputnik / Irade JELILTural Abbasov
Bakıda sürücülər velosiped sürənlərə öyrəşməyiblər - Sputnik Azərbaycan
Tural Abbasov

- Bakıda velosiped sürmək rahatdır?

- Əlbəttə ki, yox. Sürücülər velosiped sürənlərə öyrəşməyiblər. Ona görə də hər an bədbəxt hadisə baş verə bilər. Xüsusi zolaqlar da yoxdur. Bunları nəzərə alaraq bezdim, artıq şəhərdə velosiped sürmürəm.

- Velosiped ilə ilk səyahətiniz hara olub?

- Tətillərdə xaricə gedirdim, azadlıq kokteylini bir neçə günlük içirdim. Amma yenə qayıdıb kompüter arxasında otururdum və eyni həyata davam edirdim. Hiss edirdim ki, mənə uzun müddətli, həyəcanlı səyahət lazımdır. Hər ay maaşımdan kənarda pul toplayırdım ki, bu səyahəti gerçəkləşdirim. Əvvəllər velosipedlə deyil, avtostopla səyahət etdim. Təsadüfən verilişlərdən birində bir velo-səyahətçinin Sibirdən evə gəldiyini gördüm. 2014-cü ilin sentyabrında ölkə daxilində ilk dəfə velo-səyahətə səyahətə çıxdım.

Bakıdan 10 günlük çıxdım, cənuba doğru getdim. Oradan Hacıqabul, Kürdəmir, Yevlax, Mingəçevir, Şəki, Qəbələni gəzdim və Bakıya qayıtdım. 600 kilometr yol qət etmişdim. Əmin oldum ki, mənə velo-səyahət uyğundur. Bundan sonra son qərarımı verdim ki, velosipedlə dünya səyahətinə çıxacağam. İşdən ayrıldım, 2015-ci ilin iyun ayında səyahətə başladım.

- Səyahət neçə müddət çəkdi?

- Asiyadan başladım, cənubi-şərqi Asiyaya, oradan Avstraliyaya, sonra Şimali Amerikaya və nəhayət Avropaya getdim. Dünya turu 2 il yarım çəkdi. Ən çətin hissəsi Asiyadan keçmək idi. Qazaxıstanda çox küləkli hava olduğundan üzü küləyə qarşı getmək asan deyildi. Tacikistan və Qırğızıstan ərazisi isə dağlıq olduğundan velosiped sürmək çətin idi.

© Sputnik / Irade JELILTural Abbasov
Bakıda sürücülər velosiped sürənlərə öyrəşməyiblər - Sputnik Azərbaycan
Tural Abbasov

- Yəqin ki, səyahət zamanı başınıza qeyri-adi hadisələr də gəlib...

- Çində olan zaman ehtiyatsızlıqdan biləyim zədələndi. Həkim dedi ki, 30 gün velosiped sürmək olmaz. Tərslikdən viza vaxtım da bitirdi. Velosipedimi Çində velo-səyahətçi dostumun evində qoyub evə gəldim. 30 gün sonra yenidən Çinə viza alıb, qaldığım yerdən səyahətə davam etdim.

- Velo-səyahətçilər ilə dostluq münasibətlərini necə qurursunuz?

- Azərbaycan elə yerdə yerləşir ki, Avropadan Asiyaya getmək üçün velo-səyahətçilər ölkəmizə İran və ya Gürcüstandan keçərək gedirlər. Belə səyyahların xüsusi saytları var. Onlar haradan səyahət etdiklərini deyirlər və digər velo-səyahətçilər onları evlərinə dəvət edirlər. Mən də dünya səyahəti zamanı bu saytdan istifadə edərək bir çox velo-səyahətçilərin evlərində qonaq olmuşam.

- Dünya səyahətinə çıxmaq üçün hansı qiymətə olan velosiped almaq lazımdır?

- Mən orta və bir qədər yuxarı qiymətə olan velosiped aldım. Bu, mənə 2 min avroya başa gəldi. Çox etibarlı və rahatdır.

- Səyahət üçün sizə nə qədər vəsait lazım oldu?

- Öncədən səyahətimin xərcini təxmini olaraq hesablamışdım. Bilirdim ki, 2 il yarım müddət üçün mənə viza, bilet, yemək, hotel və s. üçün, təqribən 35 min dollar pul lazım olacaq. Ona görə də hər maaşımdan min dollara yaxın kənara qoyurdum ki, səyahətə tez gedə bilim. Avstraliyada olanda vizam bitməyinə 5 həftə boş vaxtım qalırdı. Orada daha çox qalmaq istədiyim üçün 5 həftə istirahət mərkəzlərindən birində işlədim. Qazandığım pulu da səyahətdə xərclədim.

- Günlərlə velosiped sürmək yorucu deyil?

© Sputnik / Irade JELILTural Abbasov
Bakıda sürücülər velosiped sürənlərə öyrəşməyiblər - Sputnik Azərbaycan
Tural Abbasov

- Mən zövq ala-ala velo-səyahət edirdim. Hər yerə baxırdım, gəzirdim və sürürdüm. Hətta elə yer olurdu ki, velosipedimi qoyub, avtobus ilə gedib oranı səyahət edib geri dönürdüm. Axı həmin ərazilərə bir də gedəcəyimi bilmirdim. Çox vaxt çadırda yatırdım ki, qənaət edim. Yemək əvəzinə meyvələr yeyirdim, həm də özüm bişirirdim.

- Velosiped sürmək insanı arıqladır. Bu illər ərzində neçə kilo itirdiniz?

- Səyahətə başlayanda 85 kilo idim. Bir il ərzində 70 kiloya kimi arıqlamışdım.

- Yenidən dünya səyahətinə çıxmaq fikriniz var?

- Bəli. İndi qarşıma məqsəd qoymuşam ki, Amerika qitəsini gəzim. Buna görə mənə 1 il yarım vaxt lazım olacaq. Ümid edirəm ki, yaxın gələcəkdə bunu da həyata keçirə biləcəyəm.

Xəbər lenti
0