BAKI, 19 mart — Sputnik. Bu gün dünyanın bütün ölkələrində film sektoru var. Biz uşaqlıqdan Sovet dövründə çəkilən Azərbaycan filmlərini izləyərək böyümüşük. "Bir qalanın sirri", "Sehirli xalat", "Qərib cinlər diyarında" kimi filmlər bizim təfəkkürümüzü formalaşdırıb, xəyal gücümüzü artırıb.
Texnikanın hələ bu günkü səviyyəsinə çatmadığı bir dönəmdə, iyirminci əsrin ortalarında Əlisəttar Atakişiyev kimi əvəzsiz rejissor böyük peşəkarlıqla bu filmləri çəkib və Azərbaycan kinosuna böyük incilər bəxş edib.
Sonralar başladıq Hollivud filmlərini izləməyə. O filmlərdə daha böyük keyfiyyət, texnika, aktyor oyunu, rejissor işi, uğurlu ssenari gördük. Bütün bunlar Azərbaycanın ən adi vətəndaşında da film haqqında biliklər yaratdı. Tamaşaçılarımızın tənqidetmə bacarığı oldu. Zarafat deyil, qanında sənət axan bir millətik biz. Ucqar rayonlarımızda adi bir evdar qadın belə şeir yazır, mahnı oxuyur. Sənətlə yoğrulub xəmirimiz.
Bu gün telekanallarda yayımlanan seriallar var. Ard-arda kinolar da çəkilir. Doğrudur, bu çəkilən kinoların və serialların içində yaxşıları da var. Amma o qədər azdır ki, mən ümumi danışmağa məcburam.
Rasim Ocaqov, Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli kimi rejissorlar, Ramiz Rövşən, İsa Muğanna kimi ssenari müəllifləri, Həsən Məmmədov, Həsənağa Turabov, Səyavuş Aslan, Lütfəli Abdullayev, Amaliya Pənahova, Nəsibə Zeynalova, Leyla Bədirbəyli kimi aktyor və aktrisalar görüb bu xalq. Bunu niyə dedim bilirsiz? İndi biləcəksiz...
Bu gün çəkilən kinoların və serialların yaradıcı heyətləri Azərbaycan kinolarına, seriallarına baxılmır deyə şikayətlənirlər. Türkiyə, Rusiya, Avropa, Amerika istehsalı olan kinolara və seriallara marağın çoxluğu onları qıcıqlandırır. Yaxşı, bəs sizin yaratdığınız bu sənətdənkənar nümunələrə necə baxsın bu millət? Axı mən dedim, o boyda insanların yaratdığı böyük sənət nümunələrini görən bir millət sizin bayağı, şit, eybəcər məhsulunuzdan necə həzz alsın?
Dövlət kinoların və serialların çəkilməsi üçün pul ayırır. Bu pul telekanalların və kinostudiyanın əlində olan materialların, yəni ssenarilərin çəkilməsi üçün lazımi şəkildə paylanmalıdır. Amma nədənsə kinonun və serialın büdcəsinə sənəddə göstərilən məbləğdən qat-qat aşağı bir məbləğ gəlib çıxır. Maraqlıdır ki, rejissorlar da bu ədalətsizliklə barışıb susurlar. Onlar etiraz etmir və öz haqlarını tələb etmirlər. Görəsən niyə?
Çünki filmin ya da serialın büdcəsinə gəlib çatan o kiçik məbləğin bir qismi də rejissorun cibinə gedir. Rejissor rollara aktyor və aktrisalar təyin etmək üçün kimə mürciət etməlidir? Əlbəttə ki, İncəsənət Universitetinin tələbələrinə, ali təhsilli, təcrübəli aktyor və aktrisalara, Əməkdar və Xalq artistlərinə.
Amma ayrılan kiçik məvacibin müqabilində hansı peşəkar, təcrübəli aktyor və aktrisa gəlib o kinoya, seriala çəkilər? Özünə, peşəsinə hörmət edən, işini sevən heç bir aktyor, aktrisa bunu qəbul etməz. Onda rejissor nə etməlidir? Öz qohum-əqrabalarına, dost-tanışlarına müraciət edir. Cüzi bir məbləğin müqabilində heç bir istedadı, biliyi, təcrübəsi olmayan insanlar məhz şöhrət naminə teksti götürüb keçir kamera önünə. Ordan-burdan tanışlıqla ucuzvari texnika da tapırlar. Vəssalam, serial ya da kino hazırdır.
Bu cür sənətdənkənar bir işi hansı üzlə kütləyə təqdim etmək olar? Lap siz üz tapıb təqdim etdiniz, millət bunu qəbul edəcəkmi? Bunları da qoyduq bir kənara, bəs sizi efirdən izləyən peşəkar insanların qınağından qorxmursunuz?
Niyə də qorxasınız ki? Onların qınağı sizin üçün nəyi dəyişir? Vəsaiti mənimsəmisiniz. Kamera önünə keçən sənətdən xəbərsiz dost-tanışlarınız da "ulduzluq" eşqinə düşüb öz eqolarını yemləyirlər. Burda hər baxımdan siz qazanan tərəfsiz. Amma Azərbaycan xalqı, Azərbaycan İncəsənəti, bu İncəsənətin istedadlı şəxsiyyətləri itirən tərəfdir. Sizin nə vecinizədir?!
Heç olmasa tamaşaçı tələb etməyin. Tamahınıza qul olub bu cür iş əxlaqına sığmayan bir vicdansızlıq edirsiz, çəkin, yayımlayın, sonra da oturun dost-tanışınızla bir yerdə baxın öz çəkdiyinizə. Anlayışlı, bilikli, ziyalı insanlar sizdən nə zövq alacaq axı?
Hələ 90-cı illərin əvvəllərində Lütfi Məmmədbəyov Əlibala Hacızadənin eyni adlı romanı əsasında "İtkin gəlin" serialını çəkmişdi. Cəmi on iki seriadan ibarət bu serial adi bir əl kamerası ilə çəkilmişdi. Üzərində demək olar ki, heç bir texniki iş aparılmamışdı. Lakin filmdə elə bir təbiilik var ki, bu serial hələ yaddaşlardadır. Elə Əfsanə adının həmin vaxtlarda dəbə düşməsi də məhz bu serialın qəhrəmanı olan Əfsanənin adı ilə bağlı idi. Görün bu cür zəif texnika ilə çəkilən serial özünü xalqa necə sevdirmişdi!?
Dövlət lazım olan vəsaiti ayırır. Kürsüdə oturub özünü dünyaya hakim zənn edən kəslər bu vəsaiti mənimsəyir və nəticədə xalq öz sənətindən mərhum olur! Məcbur olur ki, xarici kinolara, seriallara baxsın. Bəs nə etməlidir? Məncə sizi izləyən kiçik bir kütlə belə varsa, o da sizin üçün çoxdur, həddindən artıq çoxdur. İzlənmə sayınız sıfır səviyyəsində olmalıdır ki, bəlkə onda etdiyiniz yanlışları anlayasız...