Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 19 mart — Sputnik. Sabah Novruz bayramı olsa da, hələ də öncədən tədarükünü görə bilməyən paytaxt sakinləri bazarlara, yarmarkalara axın edirlər. Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtdakı bir neçə bayram yarmarkasında olub, qiymətlərlə maraqlanıb, alıcıların fikirlərini öyrənib.
Müştərilər yarmarkalardakı qiymətlərdən narazılıq ediblər: "Yarmarkalarla müqayisədə bazarlarda qiymətlər daha aşağıdır. Əvvəlki illərdəki kimi ala bilməsək də, hərəsindən bir az alıb, bayram süfrəsi quracağıq. Qiymətlər ötən illə müqayisədə çox qalxmasa da, cibimizdə olan pul bütün nemətlərdən almağa imkan vermir. Məsələn, püstənin qiyməti çox yüksəkdir, bir neçə ləbləbi alsam da, püstə ala bilmədim".
Narazılıq doğuran digər bir məsələ səməninin qiymətidir: "Kiçik ölçülü səmənilərin qiyməti əlçatandır. 1-3 manata səməni almaq olar. Amma böyük səmənilərin qiyməti çox yüksəkdir. 10 manata da səməni olar? Qiyməti bu qədər "şişirtməzlər"".
Satıcılar isə alıcılıq qabiliyyətinin aşağı olmasından giley ediblər. Közdə bişmiş şabalıd satan deyib ki, bir neçə gündür satışa başlamasına baxmayaraq, qazanc əldə edə bilməyib.
"Satdığım şabalıd Türkiyənindir, qarğıdalı isə yerli məhsuldur. Qiymətlər yarmarkanın yerinə görə dəyişir. Məsələn, "Elmlər Akademiyası"nın qarşısında 1 paket közdə bişmiş şabalıd 3 manatdır, ancaq "Tarqovı"da 4 manat. Qarğıdalının qiyməti isə dəyişmir, hər yerdə eynidir. Elə hər yerdə 3 manata satırıq" - satıcı bildirib.
Paytaxtın "28 May" metrostansiyasının qarşısında təşkil olunan yaşıl çadırlarda isə, əsasən, dəniz məhsulları, pop-korn, buterbrod satılır. Həmçinin alıcıları cəlb etmək üçün cizgi filmi və nağıl personajları müxtəlif rəqslər nümayiş etdirirlər.
Burada bayram əhval-ruhiyyəsi hiss olunsa da, satıcılar bəzi məqamlardan narazıdırlar. Satıcı Akif Aslanov yarmarkanın müddətinin az olmasından gileylənib: "Yarmarka martın 15-də açılıb, aprelin 15-dək davam edəcək. İstəyərdik ki, yarmarkanın müddəti uzadılsın. Heç olmasa, bu müddət aprelin sonunadək uzadılsaydı, daha yaxşı olardı".
Həmsöhbətimiz onu da qeyd edib ki, məhsulların qiymətlərinin o qədər də yüksək olmamasına baxmayaraq, nədənsə alıcılıq qabiliyyəti aşağıdır.
Bayram süfrəsi üçün vacib olan bəzi məhsulların yarmarka qiymətlərini də öyrəndik. Belə ki, püstə 22-28, ərik qurusu 7-10, yerfındığı 6-7, şabalıd 8-10, qoz 13, iydə 3.50-4, banan 2 manata satılır. Meyvə qurusunun kiloqramı 4-5, qarışıq meyvə qurusu isə 5-6 manatdır. Fıstığın bankası isə 1 manata satılır. Böyük ölçülü səmənilərin qiyməti 10 manatdır. Kənd yumurtası 0.25 manata, kənd cücəsi isə 5-6 manata təklif olunur.