BAKI, 19 mart — Sputnik. Mərkəzi Asiyada, Qafqazda və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.
Azərbaycanda da Novruz bayramı təntənəli şəkildə qeyd edilir, bayram mərasimləri keçirilir.
Sputnik Azərbaycan-ın əməkdaşının məlumatına görə, belə tədbirlərdən biri də Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilər böyük maraq yaradıb. Uşaqların hazırladığı səhnəciklər tədbir iştirakçılarının ürəyincə olub. Novruz bayramının əsas personajları olan Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosa şən səhnəcikləri, şeirləri, zarafatları, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə rayon sakinlərinə xoş anlar bəxş edib. Pəhləvanların göstərdiyi nömrələr ətrafdakıların böyük marağına səbəb olub.
Daha sonra Novruz tonqalı alovlandırılıb, iştirkaçılar yumurta döyüşdürüb, əyləniblər.
Qeyd edək ki, bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.