BAKI, 19 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin hər bir bölgəsində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub. Ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.
Ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində atılan uğurlu addımlar hərbi qulluqçularımızın qələbə əzmini daha da möhkəmləndirir. Günü-gündən güclənən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatlarındakı qələbələri sayəsində işğaldan azad olunmuş torpaqlarımızda və strateji əhəmiyyətli yüksəkliklərdə bu gün Azərbaycan bayrağı vüqarla dalğalanır. Bütün bunlar son illər ordu quruculuğu istiqamətindəki islahatlar nəticəsində qazanılan nailiyyətlərin məntiqi nəticəsidir.
Xalqımızın və ordumuzun şəxsi heyətinin iştirakı ilə 2018-ci ildə keçirilən Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar ölkəmizin müdafiə gücünü bir daha təsdiqlədi.
İrimiqyaslı təlimlərdə peşəkarlığını, döyüş qabiliyyətini artıran şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirməyə davam edir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Respublikamızın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsi uğrunda düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı da bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi gözəl bahar bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz bayramınız mübarək olsun!"