BAKI, 16 mart — Sputnik. Londonda bir qrup naməlum şəxs məscid önündə gözləyən müsəlmanlara çəkic və dəyənəklərlə hücum edib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, hücumdan sonra təcavüzkarlar avtomobil ilə qaçıblar. Müsəlmanlardan biri hətta onların avtomobilinin üzərinə çıxaraq qaçmalarına əngəl olmağa çalışıb.
London polisi məlumatı təsdiq edib. Polis bildirib ki, məscid qarşısında Cümə namazı üçün gözləyənlərə naməlum gənclər hücum ediblər.
İslam əleyhinə şüarlar səsləndirən və söyüşlər yağdıran təcavüzkar qrup hücumun ardından maşınlarına minərək qaçıblar.
Polis açıqlama verib ki, hücuma məruz qalanlar arasında 27 yaşında bir nəfər başından yaralanıb və xəstəxanaya aparılıb.
London polisi naməlum şəxsləri tapmaq üçün axtarışları davam etdirir.