BAKI, 15 mart — Sputnik. Ötən gün Şəki Mərkəzi Rayon Xəstəxanasında (MRX) 5 tibb bacısının işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Mediada yayılan məlumatlara görə, tibb bacıları Afət Fərmanqızının ifasında olan mahnını ifa edərək və müəyyən parodiyalar yaradaraq bu kadrları videoya çəkiblər.
Daha sonra isə həmin video sosial şəbəkədə yayılıb. Məhz bu videonun yayılmasından sonra tibb bacılarının xəstəxananın baş həkimi tərəfindən işdən çıxarıldığı iddia edilir.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tibb bacıları öz ərizələri ilə işdən azad olunublar: "Biz hüquqi dövlətdə yaşayırıq. Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, o zaman məhkəməyə müraciət etsinlər. İşçi ilə rəhbər arasındakı mübahisəli məsələlər hüquqi dövlətdə məhkəmə yolu ilə həll olunur".
Qeyd edək ki, sözügedən videonu çəkən tibb bacısı isə teleaparıcı Tarix Əliyevə Şəki Mərkəzi Rayon Xəstəxanasın baş həkimi tərəfindən işdən çıxarıldıqlarını bildirmişdi.