BAKI, 15 mart — Sputnik. "Prezident tərəfindən imzalanmış fərman çoxdan gözlənirdi və əhəmiyyəti böyükdür". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.
O bildirib ki, bu fərmanla yeni tikilmiş binalarda Çıxarış almaq prosesi sadələşəcək: "Bu günə qədər Azərbaycanda 1500-ə yaxın bina tikilib. Bunların 500-ə qədəri Bakıdan kənarda tikilib. FHN-nin açıqlamasına görə, 400-ə yaxın bina qeydiyyatdan keçməyib. Buna görə də o binalarda yaşayan 300 min insan qeydiyyata düşə bilmir".
"Düşünürəm ki, bu fərman bir sıra məsələlərin həllinə kömək edəcək. Bu gün əmlak bazarında Çıxarışı olan və olmayan mənzillər arasında 15 faizlik qiymət fərqi var. Fərman qanunla tənzimlənməyən işləri yaradan halları aradan qaldıracaq" - deyə E.Azadov vurğulayıb.
Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb.