BAKI, 14 mart — Sputnik. Əsəd rejimi və İran dəstəklədiyi qruplar "İdlibdə gərginliyi azaltma bölgəsi" sərhədləri çərçivəsindəki Türkməndağına intensiv bombardman həyata keçirir.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, qruplar Soçi anlaşmasını pozaraq Suriyanın Lazkiye rayonunun şimalında yerləşən Türkməndağına intensiv top və raket hücumu təşkil edir. Türkməndağı ilə yanaşı həmin bölgədə digər yerlərdə hədəf alınır.
Əsəd rejimi 2015-ci ilin son aylarında Türkməndağının 85 faizini ələ keçirib. Regionda yaşayan 20 minə yaxın türkmən və ərəb Türkiyəyə miqrasiya etmək məcburiyyətində qalıb.
Dünən gecə rejim qüvvələri İdlibin cənubundakı Temaniyədə ağ fosfor bombasından istifadə edib.
Əsəd rejiminin Soçi anlaşmasını pozaraq bu ilin əvvəlindən etibarən təşkil etdiyi hava və quru hücumlarında ən az 126 nəfər həyatını itirib, 380-dən çox mülki şəxs yaralanıb.