BAKI, 13 mart — Sputnik. Bu gün görkəmli alim, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, akademik Asəf Abbasqulu oğlu Nadirovun anadan olmasının 90 illiyi tamam olur.
Asəf Nadirov 1929-cu il martın 13-də Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirib. 1968-ci ildə iqtisad elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib.
1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-1964), elmi işlər üzrə direktor müavini (1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi (1981-1997), AMEA-nın Rəyaset Heyətinin üzvü vəzifəsində çalışıb.
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvü seçilib. O cümlədən, 1987-ci ildə Umumittifaq "Bilik" cəmiyyətinin idarə heyətinin üzvü, 1988-ci ildə SSRİ Elmlər Akadamiyasının Regional İqtisadi Problem üzrə şuranın üzvu seçilib.
14 mart 2014-cü ildə Bakı şəhərində vəfat edib.
1956-cı ildə "Naxçıvan MSSR-in İqtisadi-coğrafi səciyyəsi" mövzusunda dissertasiya müdafiə edib və AMEA Coğrafiya institutuna kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1957-ci ildə AMEA İqtisadiyyat bölməsinin kiçik elmi işçisi, baş elmi işçisi, şöbə müdiri, 1964-cü ildən institutunun elmi hissə üzrə direktor müavini olub.
1968-ci ildə "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1970-ci ildə ona professor elmi adı verilib. 1960-cı ildən Bakı Dövlət Universitetin müəllimi olub.
1966-1981-ci illərdə AMEA-nın İqtisadiyyat seriyası "Xəbərlər" jurnalının baş redaktorunun müavini, sonra baş redaktoru təyin olunub. 1980-cı ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə AMEA Rəyasət Heyətinin üzvü və baş elmi katibi, 1990-1997-ci illərdə baş akademik katibi və yenidən Rəyasət Heyətinin üzvü seçilib.
800-dən çox monoqrafiya, dərslik, iri həcmli elmi məqalələrin müəllifidir. Əsərləri Türkiyədə, Rusiyada, MDB ölkələrində, Almaniyada, Fransada, Hindistanda, Yunanıstanda və s. ölkələrdə nəşr olunub. Türkiyə, Almaniya, Fransa, ÇXR, Hindistan, Yuqaslaviya, Yunanıstan, Avstriya, İran və s. ölkələdə keçirilmiş beynəlxalq, həmçinin ittifaq əhəmiyyətli konqres və simpoziumlarda məruzə edib.
Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib.
Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) orden, Sovet İttifaqının Xalqlar Dostluğu ordeni, Əmək igidliyinə görə medalı, Sovet Sülh Müdafiə Fondunun fəxri medalı, bir sıra nüfuzlu elmi mərkəzlərin fəxri diplomlari və fərmanları ilə təltif olunub. O cümlədən, 2012-ci ilin oktyabr ayının 16-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitində İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatını alan ilk və tək azərbaycanlı kimi tarixə düşüb.