BAKI, 11 mart — Sputnik. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (Stockholm International Peace Research Institute - SIPRI) dünya üzrə ən çox silah satan ölkələrin sıralandığı illik hesabatını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, 2014-2018-ci illərdə dünya üzrə silah satışının ümumi həcmi 2009-2013-cü illərlə müqayisədə 7,8% çoxalıb. Bu dövr ərzində dünyanın ən böyük silah ixracatçılarının beşliyinə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin daxildir. Dünyada silah satışının, ümumilikdə 75%-nə bu ölkələr nəzarət edir.
Avropa və Şimali Amerikadan kənarda olan ölkələrin silah ixracatındakı payı isə olduqca azdır. Belə ki, Çinin ixracı 2009-2013-cü illərlə müqayisədə son dörd ildə cəmi 2,7% artıb.
2009-2013-cü illərlə müqayisədə, 2014-2018-ci illərdə İsrail, Cənubi Koreya və Türkiyənin silah ixracı müvafiq olaraq 60%, 94% və 170% artıb.
Hesabata əsasən, ABŞ dünya üzrə silah satışının 36%-ni, Rusiya 21%-ni həyata keçirir. Amerika silahlarının ən böyük idxalçısı 22%-lə Səudiyyə Ərəbistanı, Rusiyanınkı isə 27%-lə Hindistandır.