CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küləkli dəniz, çılğın dalğalar və “Zəfər”dəki bir saat

© Sputnik / Tarana Khudabakshiyeva“Zəfər” gəmisi
“Zəfər” gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qadın jurnalistlər üçün qeyri-adi tur təşkil etdi

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Həmişə “Titanik” filminə baxanda arzulayırdım ki, məhz gəmi səyahətinə çıxım. Dalğaların əzəməti, küləyin səsi belə, filmdə məni cəlb edirdi. Gəminin dalğaları yarıb keçməsini canlı seyr etmək xəyallarımdan birinə çevrilmişdi. “Bulvardakı” səyahət gəmilərinə dəfələrlə minsəm də, o həzzi ala bilməmişdim. Nəhayət ki, bu il şans üzümə güldü.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın jurnalistlər üçün Bakı ətrafında gəmi turu təşkil etdi. Dünən baş tutan tur Bakı Gəmiqayırma Zavodunda tikilən “Zəfər” gəmisi ilə həyata keçirildi.

Saat 16:00-da deyilən ünvana çatdıq. Hava küləkli olsa da, planımızı poza bilmədi. Dəmir pilləkənlərlə gəmiyə düşdük. Hamıdan əvvəl gəmiyə enib, zaman itirmədən kapitanın yanına getdim. Verəcək xeyli suallarım vardı.

© Sputnik / Tarana KhudabakshiyevaKapitan Vaqif Abbasov
Küləkli dəniz, çılğın dalğalar və “Zəfər”dəki bir saat - Sputnik Azərbaycan
Kapitan Vaqif Abbasov

Söhbət əsnasında öyrəndim ki, kapitan Vaqif Abbasov ömrünün çox hissəsini gəmiçiliyə həsr edib. Nə az, nə çox, düz 40 ildir gəmiçi işləyir. 3 il hərbi donanmada çalışıb, 37 ildir ki, bu donanmadadır: “Daha çox kapitan olmuşam. 1996-cı ildən gəmidə kapitanlıq edirəm. Kapitan olmaq böyük məsuliyyətdir. Təsəvvür edin, hər bir sərnişinin həyatı sizdən asılıdır. Nəzərə alsaq ki, Xəzər dənizi bir az çılğındır, ona görə daha çox ehtiyatlı olmalıyıq”.

V.Abbasovdan öyrəndim ki, yaxşı kapitan olmaq üçün dənizi sevmək, ondan qorxmamaq, lazımdır. Əks halda işləmək mümkün olmaz.

Kapitan suallarıma cavab verə-verə hazırlıqlarına da davam etdirirdi. Qadınların gəmi idarə etməyinə necə baxması ilə bağlı suala cavabı isə mənim üçün gözlənilməz oldu: “Artıq bu düşüncələri özümüzdən atmalıyıq. İşi sevən, bacaran hər kəs gəmiçi ola bilər”.

© Sputnik / Tarana KhudabakshiyevaRita Rzaquliyeva
Küləkli dəniz, çılğın dalğalar və “Zəfər”dəki bir saat - Sputnik Azərbaycan
Rita Rzaquliyeva

Kapitanın işinə daha çox mane olmamaq üçün gəminin salonuna düşdüm. Artıq həmkarlarımın hamısı gəlmişdi. Gəmi yavaş-yavaş hərəkətə başladı. Sürət artırdıqca özümü pis hiss etməyə başladım. Nə yalan deyim, xanımlar üçün təşkil edilən əyləncə başlayar-başlamaz göyərtəyə çıxdım. Hətta oynanılan lotereyada belə, iştirak edə bilmədim. Gəmi məni əməllicə “tutmuşdu”. Geri dönəcəyimiz zamanı səbirsizliklə gözləyirdim. Halsızlıq gəmi səyahətindən zövq almağıma imkan vermirdi. Bir neçə həmkarımın da mənim kimi halı pisləşmişdi. Amma onlar yenidən salona qayıdıb əyləncələrini davam etdirdilər.

Gəmiçilər isə çox gümrah görünürdülər. Onlardan biri mənə baxıb gülərək dedi ki, ilk dəfə onlarda da belə hal müşahidə olunub. Bir neçə dəfədən sonra isə dənizlə, gəmiylə “doğmalaşıblar”. Onu da məsləhət gördülər ki, hər şeyi unudub, gəzintidən zövq almağa çalışım. Mən isə səbirsizliklə sahilə çatmağımızı gözləyirdim.

Etiraf edim ki, gəmidə vaxt sürətlə gedir. Sahilə də çox sürətlə çatdıq. 1 saatlıq gəzintimiz başa çatdı. Gəmiçilər lövbərləri atdılar, “Zəfər” gəmisində jurnalistlərin turuna uğurla yekun vuruldu. Hər kəs razı halda təşəkkürünü bildirərək gəmini tərk etdi.

© Sputnik / Tarana KhudabakshiyevaRita Rzaquliyeva və kapitan Vaqif Abbasov
Küləkli dəniz, çılğın dalğalar və “Zəfər”dəki bir saat - Sputnik Azərbaycan
Rita Rzaquliyeva və kapitan Vaqif Abbasov

Sonda yerli istehsalımız olan “Zəfər” gəmisi haqqında da bir qədər məlumat verim. Gəmi 22 aprel 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.  80 sərnişin tutumuna malik olan gəmi, həmçinin göyərtəsində 10 tonadək müxtəlif yük də götürə bilir. Gəminin uzunluğu 38, eni 8, suya oturumu isə 2,25 metrdir.

Xəbər lenti
0