CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"May-iyun aylarında xeyli sayda yaşayış binası istismara qəbul ediləcək"

© Sputnik / Anar MustafayevМногоэтажный жилой дом в Баку
Многоэтажный жилой дом в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Prezidentin fərmanı "kupça"ların verilməsi prosedurunu xeyli dərəcədə sadələşdirəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Dövlət başçısı fevralın 19-da "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərman imzalayıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

Ekspertlər dövlət başçısının fərmanını Sputnik Azərbaycan-a şərh ediblər.

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
May-iyun aylarında xeyli sayda yaşayış binası istismara qəbul ediləcək - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib ki, Azərbaycanda xeyli sayda mənzilin "kupça"sı (Dövlət Reyestrindən Çıxarış) yoxdur və bu mənzillərin qiymətləri də Çıxarışı olan mənzillərin qiymətlərindən fərqlənir: "Bu proses vaxtında tamamlanacaq. Burada o qədər də çox iş yoxdur və Fövqəladə Hallar Nazirliyinə (FHN) tapşırıqlar verilib. Bunun Azərbaycanın mənzil bazarına müəyyən müsbət təsirləri olacaq. Şəxslər öz əmlaklarının tam şəkildə rəsmiləşdirilməsini başa çatdıracaqlar. Şəxsin əmlakı indiki halda bir növ hüquqi prosedurları tamamlamamış yarımçıq bir kapital halında idi. Çünki həmin müqavilə ilə verilmiş mənzillərdən heç biri ilə alqı-satqı əməliyyatı həyata keçirmək olmurdu".

"Amma vətəndaşlar bunları tam aldıqdan sonra onları girov qoya, kredit götürə, digər iqtisadi əməliyyatlarda istifadə edə bilərlər. Onların bazar dəyəri də müəyyən qədər yüksələcək" - deyə ekspert bildirib.

Onun fikrincə, bu addım mənzil bazarında da təklifin artmasına gətirib çıxaracaq: "Düzdür, ciddi dəyişiklik olmasa da, müəyyən təsirləri olacaq. Bu, mənzil bazarında qiymət dəyişikliyindən daha çox vətəndaşların iqtisadi imkanlarının genişlənməsi deməkdir. Bu, bir növ əmlaka verilən amnistiya çərçivəsində görülən tədbirlərdir və zaman-zaman Qərb ölkələrində də tətbiq olunur".

"Dövlət imkan yaradır ki, müəyyən çatışmazlıqlar olsa belə, insanların Çıxarış sənədləri ilə təmin olunması həyata keçirilsin və həmin əmlak iqtisadi dövriyyəyə daxil olsun. Bundan sonra tam şəkildə vətəndaşlar öz mülkiyyətlərindən rahatlıqla istifadə edəcəklər. Bu, vətəndaşların iqtisadi imkanlarının genişlənməsinə gətirib çıxarır" - deyə E.Bağırzadə qeyd edib.

İqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, belə bir fərmanın qəbul edilməsinə ehtiyac var idi: "Ən çox müzakirə edilən məsələlərdən biri də çoxmərtəbəli binaların istismara alınması və həmin binalarda olan mənzillərə Çıxarışın verilməsi ilə bağlı idi. Bu fərman Çıxarışın verilməsi prosedurunu xeyli dərəcədə sadələşdirəcək".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
May-iyun aylarında xeyli sayda yaşayış binası istismara qəbul ediləcək - Sputnik Azərbaycan
Vüqar Bayramov

O bildirib ki, iki ay müddətində FHN, təxminən, 400-dən çox binaya yenidən baxış həyata keçirəcək: "Baxış həyata keçirildikdən sonra həmin binalarla bağlı rəy hazırlanıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim ediləcək. Komitə 7 gün ərzində həmin rəyə əsasən binanın istismarına icazə verməlidir. Artıq may və iyun aylarında xeyli sayda binaların istismara alınmasını müşahidə edə bilərik. Bu, imkan verəcək ki, həmin bina sakinləri "ASAN Xidmət" və ya Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməklə Çıxarış əldə edə bilsinlər".

İqtisadçının fikrincə, bu, eyni zamanda imkan verəcək ki, istismara verilən binalara ən gec bir ay ərzində bütün kommunal xidmətlər verilsin: "O baxımdan prosedur sadələşəcək. Fərmanın icrası, təxminən, 10 minə yaxın mənzilin qeydiyyata alınmasına və onların Çıxarışla təmin olunmasına gətirib çıxara bilər. Xüsusən mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından çox vacibdir. Fərmanın icrası nəticə etibarı ilə 10 min ailənin mülkiyyət hüququnun qorunmasına gətirib çıxara bilər".

Onun sözlərinə görə, mülkiyyət hüququnun qorunması bir mənzilin bir neçə nəfərə satılması kimi problemlərin aradan qaldırılmasına gətirib çıxarır: "Həmin mülkiyyətdən istifadə etməklə fərqli əməliyyatların aparılması və bütövlükdə əmlak bazarının leqallaşdırılması baxımından vacibdir. Fərman Çıxarışsız evlər probleminin aradan qaldırılmasına gətirib çıxara bilər".

"Bakıdan kənar rayonlarda isə FHN binalarla bağlı rəyini yerli icra hakimiyyəti orqanlarına təqdim edəcək. Yerli icra hakimiyyəti orqanları 7 gün ərzində həmin rəyə əsasən binanın istismara verilməsi ilə bağlı qərar verəcək" - deyə V.Bayramov əlavə edib.

Xəbər lenti
0