Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak arasında görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı Azərbaycan ilə ATƏT arasındakı əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub.
"Biz Azərbaycanla ATƏT arasında əməkdaşlıq, həmçinin Azərbaycanla Slovakiya arasında münasibətlərə dair müzakirələr apardıq. Mən ATƏT sədrini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son durum barədə məlumatlandırdım" - deyə Elmar Məmmədyarov görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Mən ATƏT sədrindən xahiş etdim ki, gələn həftə Yerevanda səfərdə olduğu vaxt Ermənistanın yeni rəhbərliyindən bu münaqişənin onlara, sıravi ermənilərə nə verdiyini soruşsun. Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyiblər. Ermənilərin həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə onlar daha ağır demoqrafik vəziyyət, ağır iqtisadi vəziyyətlə üzləşiblər" - Məmmədyarov qeyd edib.
Nazir vurğulayıb ki, son zamanlar o erməni həmkarı ilə Qarabağ münaiqşəsinin nizamlanmasına dair 4 dəfə, Azərbaycan və Ermənistan liderləri isə 3 dəfə görüşüblər: "Biz münaqişənin nizamlanması prosesində irəliləyiş olmasını istəyirik. Proses ən azı ölü nöqtədən tərpələnməlidir".
XİN başçısı, eyni zamanda diqqətə çatdırıb ki, bu yaxınlarda nüfuzlu "Berlin Economics" nəşri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hesabat hazırlayıb: "Hesabata əsasən, münaqişənin həlli nəticəsində həm Ermənistan, həm də Azərbaycan iqtisadiyyatında əhəmiyyətli artımlar qeydə alınacaq".
Layçak isə öz növbəsində bildirib ki, Azərbaycana səfər etməklə Dağııq Qarabağ münaqişəsinə davamlı dəstəyin olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, Erməmistana gələn həftə səfər edərkən prosesi irəliyə aparacaq bir sıra ismarıcları rəsmi Yerevana çatdıracaq.
ATƏT-in fəaliyyətdə olan sədri onu da vurğulayıb ki, Sloveniya Bakıda səfirlik açacaq və bu da əməkdaşlığı gücləndirəcək.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycandan sonra Ermənistana səfər edəcək.