Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. "Ermənistanlı həmkarıma həmişə sual edirəm ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində sıravi, sadə erməni vətəndaşı nə əldə edib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Mən həmişə erməni həmkarımla görüş zamanı bildirirəm ki, torpağı götürüb qaçmaq mümkün deyil. Siz də burada, bu regionda yaşayırsınız, biz də. Münaqişənin həllində beynəlxalq hüquqa söykənmək lazımdır" - Məmmədyarov bildirib.
"Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyiblər. Ermənilərin həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə onlar daha da ağır vəziyyətdə yaşayırlar. Bu, həm də Ermənistanın siyasi rəhbərliyə göndərilən ismarıcdır" - XİN başçısı vurğulayıb.