Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 5 mart - Sputnik. “Cəfər Cabbarlının ev muzeyi mövzusuna səs-küylü yanaşmayın. Çünki hər işi qanun çərçivəsində görməli idik. Ədiblərin varislərinə hörmətsizlik edə bilməzdim”. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün jurnalistlərlə keçirilən görüşdə deyib.
Nazir daha sonra bunları qeyd edib: “Çoxdan bu işlə məşğul idik. Neçə il əvvəl həmin bina özəlləşdirilib. Özəlləşdiriləndən sonra o ev baxımsız vəziyyətə düşdü. Xızı rayonunda Cəfər Cabbarlının doğulduğu evdə muzey yaradılacaq. Ailəsi evin sökülməsi və yeni bina tikilməsini istəyir. Həmin yeni binanın 1-2-ci mərtəbəsində muzey olacaq. Amma bu gün binanın vəziyyətinə baxılır. Mütəxəssislərin bina haqqında rəyindən sonra görüləcək işlər dəqiq məlum olacaq”.
Ə.Qarayev onu da qeyd edib ki, Mikayıl Müşfiqin ev muzeyi də təmir edilir.
Nazir teatr binalarının təmiri haqqında da danışıb: “Yuğ” teatrının binası haqqında da düşünürük. “ADO” teatrının rəhbərini şəxsən qəbul etmişəm, təkliflərini gözləyirəm. Amma görüşdən sonra o, mənə heç bir layihə göndərməyib. Buna baxmayaraq onlara kömək haqqında düşünəcəyəm”.
Nazir onu da bildirib ki, tezliklə Uşaq Teatrına da yeni bina ayrılacaq. Həmçinin Pantomima Teatrının binası ilə bağlı da qərar qəbul olunacaq.
“Dövlət həmişə mədəniyyətlə bağlı layiqli təkliflərə dəstək olur” – deyə Ə.Qarayev vurğulayıb.