BAKI, 4 mart — Sputnik. Bu gün Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyəti və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi tərəfindən "Azərbaycan diasporasının xaricdəki fəaliyyətinə dəstək və Rusiyada fəaliyyət göstərən vətənpərvər Azərbaycan jurnalisti Fuad Abbasovun hüquqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Moskva şəhərində Ermənistan Xüsusi Xidmət orqanlarının təlimatı ilə çeçenlərlə azərbaycanlılar arasında baş vermiş qarşıdurmanın yaranmasının səbəbkarı, özünü azərbaycanlı kimi qələmə verən, erməni millətindən olan Harnik adlı gəncin aşkarlanmasında göstərdiyi xidmətin müqabilində Rusiya erməni lobbisinin Fuad Abbasova qarşı başlatdığı iyrənc kampaniyanın qarşısının alınmasında ona dəstək olmaqdır.
Tədbirdə çıxış edən Şəhid Ailələrinə qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev qeyd edib ki, diasporanın fəaliyyət göstərdiyi hər bir ölkədə yaşayan hər bir Azərbaycan vətəndaşının hüquqlarının bütün müstəvilərdə qorunması diaspora dərnəklərinin birbaşa vəzifəsidir: "Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovanın diaspora sahəsində olan yarıtmaz fəaliyyətləri və mövqeləri çeçenlərlə azərbaycanlılar arasında olan insident zamanı üzə çıxdı. Biz adı çəkilən şəxslərin Azərbaycanın müdafiəsi üçün heç bir iş görmədiyini görürük. Xarici ölkələrdəki diasporalarımızın əksəriyyəti vətəni unudaraq öz şəxsi biznes və ailə məsələləri ilə məşğuldurlar. Elə buna görə də bizlər Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələri, Azərbaycan naminə informasiya savaşında qalibiyyətimiz, vətənimiz Qarabağın erməni işğalından azad edilməsi naminə xarici ölkələrdəki diasporalarımızın fəaliyyətində dönüş nöqtəsinin yaradılmasını istəyirik".
Tədbir iştirakçıları eyni zamanda vurğulayıblar ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsinin təşkil edilməsi Azərbaycanın imicinin üçün əhəmiyyətli dərəcədə önəmlidir.
Daha sonra isə tədbir iştirakçıları ilə Moskvada yaşayan Fuad Abbasov arasında "Skype" vasitəsilə canlı əlaqə yaradılıb, onunla Rusiyada baş verən son hadisələr, Azərbaycanın bu ölkədəki diasporasının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
"Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, Azərbaycan və Çeçen xalqları arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovu "Vətən Övladı" ordeni təltif edib.
Tədbir zamanı Rusiyada fəaliyyət göstərən diaspora rəhbərliyi ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edilib.