Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 mart — Sputnik. ""Daşınar əmlakın yüklülüyü haqqında" qanun qəbul edilərkən nağd pul girov təminatı kimi nəzərdən keçirilməyib. Bizim dəfələrlə müraciətimizdən sonra bu bənddə dəyişiklik edilib, amma indi nağd pul tələbinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi məsələsi açıq qalır".
Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a şərhində bildirib ki, faktiki olaraq nağd pulun girov kimi təminata qəbul olunması, bir növ, iqtisadiyyatın inkişafında zərurətlə bağlıdır.
"Vətəndaşın əlində faktiki olaraq nağd pul olur və bunu hər hansı bir əmlak və yaxud daşınmaz əmlakın əvəzinə girov təminatı kimi qoymaq istəyir. Amma nağd pulu sənədləşdirib girov təminatı kimi saxlamağa bəzən problem yaradırlar. Deyirlər ki, girov təminatı kimi ya daşınmaz əmlak olmalıdır, ya da başqa mülkiyyət" - o vurğulayıb.
Ekspertin sözlərinə görə, nağd pulun girov təminatı kimi saxlanılması zəruridir: "Belə bir dəyişiklik olarsa, vətəndaş müəyyən qədər aparılan əməliyyatlar zamanı qoyulan girovlardan azad ola bilər. Bu da müəyyən qədər işin daha tez, asan və real həll olmasına imkan verəcək".
Sadıqovun fikrincə, vətəndaşlar üçün nağd pul şəklində girov qoymaq realdır: "Burada məbləğə mütləq fikir vermək lazımdır. Çox vacib şərtdir ki, burada məbləğ nəzərdə tutulmalıdır".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında sözügedən təklifi müsbət qiymətləndirib: "Ola bilər ki, məsələn, A bankından kredit götürürəm. Əmanətim isə B bankındadır. A bankından kredit götürərkən B bankında olan əmanətimi girov qoyuram. Bu zaman A bankı həmin əmanəti qeydiyyatdan keçirməyə çalışır ki, sabah B bankından gəlib onu götürə bilməsinlər".
"Çünki A bankından kredit götürən şəxsin digər kreditləri də ola bilər. Ona görə də bunun üçün mexanizm olmalıdır və bu mexanizm müsbət olar. Amma, ümumən nağd pulun girov qoyulması ilə kredit götürmə halları çox deyil" – deyə Həsənov vurğulayıb.