BAKI, 1 mart — Sputnik. "Ovçular və Balıqçılar cəmiyyəti" birliyi yeni sədr seçilməsi ilə bağlı konfrans keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən birliyin sədri Füzuli Əşrəfov Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşünün təfərrüatlarını danışıb. O bildriib ki, bir müddət əvvəl nazirlə görüşüb və bu görüş zamanı birliyin üzvlərini sevindərəcək qərarlar qəbul edilib:
"Bizim 2004-cü ildə verdiyimiz vəsiqələrimizin yenidən tanınması, təsərrüfat sahələrinin yenidən bizə qaytarılması, bizim sahələrdə ediləcək ovla bağlı satılan lisenziyaların dəyərinin cəmiyyətə ödənilməsi və s. barədə nazirlə danışdıq. Nazir tezliklə bizi narahat edən problemlərin həll ediləcəyini bildirdi".
Daha sonra cəmiyyət üzvləri müxtəlif məsələləri müzakirə ediblər. Quruma yeni sədrin seçilməsi ilə bağlı səsvermə olub. Füzuli Əşrəfov yenidən səs çoxluğu ilə birliyə sədr seçilib.