BAKI, 27 fevral - Sputnik. Qazax rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib.
Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ağsaqqalları, gəncləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, məktəb direktorları, bağça müdirləri, rayonda fəaliyyət göstərən işçi qrupunun üzvləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə toxunulmuş məsələlərlə bağlı geniş məruzə ilə çıxış edib. İcra başçısı bildirib ki, Prezidentin son aylarda sosial məsələlərin həlli ilə bağlı verdiyi Fərman və Sərəncamlar deməyə əsas verir ki, 2019-cu il Azərbaycanda sosial inqilabi islahatlar ili kimi tarixə düşə bilər.
Ölkəmizdə uğurlu həyata keçirilən sənayeləşmə siyasətindən danışan icra başçısı Qazax rayonunda sənayeləşmə ilə bağlı görülən işlərdən də söz açıb. Həmçinin 2018-ci ildə görülən işlərdən və qazanılan uğurlardan da danışıb. Rayon rəhbəri "Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı”ndan da söz açıb. Bildirib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramında Qazax rayonunda da bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, elektrik enerji təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, Qazax şəhəri üzrə yeni massivin qazlaşdırılması, Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, 21 ədəd subartezian quyusunun qazılması, sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin görülməsi, rayon mərkəzi xəstəxanasının ikinci mərhələsinin tikintisi işlərinin davam etdirilməsi, mədəniyyət obyektlərinin əsaslı təmir və tikintisi, 9 məktəb üzrə Təhsil müəssisələrində əsaslı təmir və tikinti işləri planlaşdırılır.
Geniş diskussiya şəraitində keçən iclasda iştirakçılar öz arzu və istəklərini bildiriblər, ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
BDU Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək təhsil sahəsindəki islahatlardan söz açıb. Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M.Yusifov istər Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin, istərsə də Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamların həmin qayğının bariz nümunəsi olduğunu bildirib.
"Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri adından minnətdarlığını çatdırıb. Bildirib ki, qazilər Ali Baş Komandanın ətrafında hər an sıx birləşməyə hazırdırlar.
Məcburi köçkünlər üçün salınmış qəsəbədə komendant Novruz Hüseynov da çıxışı zamanı məcburi köçkün ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışıb. Bütün məcburi köçkün ailələri adından sonsuz təşəkkürlərini çatdırıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov tələbələrin təqaüdlərinin artırılması barədə ürək sözlərini çatdıraraq ölkə başçısı tərəfindən imzalanan həmin Sərəncamın minlərlə tələbənin sevincinə səbəb olduğunu bildirib. Çalışdığı kollecdə 380 nəfər tələbənin də həmin Sərəncamdan yararlandığını qeyd edən natiq ölkə başçısına qazaxlı ziyalılar adından da təşəkkürlərini çatdırıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edib. Bildirib ki, ölkə rəhbərinin təhsil sahəsi ilə bağlı verdiyi bütün qərarlar, o cümlədən də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı Sərəncam bütün tələbələrə stimul verir.
İclasda Kollecin və BDU Qazax filialının tələbələri çıxış edərək onlar üçün yaradılmış şəraitdən danışıblar. Həmçinin tələbə təqaüdlərinin artırılmasına görə minnətdarlıq ediblər.
Əməkdar müəllim Xatın Hüseynxanova Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı məsələyə toxunmasını yüksək qiymətləndirdiyini bildirib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək şəffaflığın təmin edilməsi ilə bağlı görülən işlərdən söz açıb.
"Qazax Sement zavodu” MMC-də sənədləşmə üzrə müşavir Nizami Zeynalov, "Saloğlu” mebel firmasının mətbuat xidmətinin rəhbəri Elmir Qurbanov çıxış edərək ölkəmizdə istər idxal, istərsə də ixracla bağlı son illər həyata keçirilən islahatlardan danışıblar.
Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi İsmayıl Süleymanov "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qazaxda görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı çıxış edərək minimum əməkhaqqının artırılması ilə bağlı fikirlərini bölüşüb.
"Şəhid Mühüd Orucov adına” tədris mərkəzininn direktoru Gülanə Hüseynova çıxışı zamanı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması Prezidentin şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını bir daha sübut etdi.
Təqaüdçü müəllim Cavanşir Rüstəmov və təqaüddə olan dövlət qulluqçusu Fariz Vəliyev minimum pensiyaların artırılmasına görə minnətdarlıq edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq bildirib ki, xalq öz rəhbərinə inanır və atdığı hər bir uğurlu addımı dəstəkləyir.