CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı qəbiristanlığında Şeytan izləri

© Sputnik / Nigar MaharramQəbiristanlığında tapılan cadu
Qəbiristanlığında tapılan cadu - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbiristanlıq işçisi: "Qəbirlərin, kolluqların arasından tez-tez belə cadu-pitilər tapırıq"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 26 fevral — Sputnik. Ötən günlərdə sosial şəbəkələrin birində Yasamal qəbiristanlığında iynələnmiş gənc oğlan şəkilinin tapıldığı haqda məlumat yayılmışdı. Bu hadisənin Yasamal qəbiristanlığında baş verib-vermədiyini və bu cür hadisələrin belə yerlərdə tez-tez təkrarlanıb-təkrarlanmadığını öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı yolunu bu soyuq məzar daşları arasından salıb.

Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
HADİSƏ
Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapılıb

Qəbiristanlıqdakı mollalardan biri - Əli Əliyev belə hadisələrin burada baş vermədiyini deyərək, "Quran"dan söz salır: "Düzdür, cadu var. Bu haqda "Qurani-Kərim"də də yazılıb. Amma cadu etmək günahdır. Əməli düz, saleh olan adam heç zaman bu yola ət atmaz".

Mollanın sözlərinə görə, indi əksəriyyət, sadəcə pul qazanmaq üçün caduya əl atır: "Əvvəllər həqiqətən də cadu edə bilənlər vardı. İndi isə belələri çox azdır. Onların əksəriyyəti fırıldaqçıdır".

"Allaha daha yaxın olan adam, namazını qılan, orucunu tutan insanlara cadu təsir etməz" - deyən həmsöhbətimiz 10 ilə yaxındır ki, bu qəbiristanlıqda işləyir.

Ondan fərqli olaraq məzarların üzərini təmizləyən və adının çəkilməsini istəməyən şəxs isə qəbirlərin və kolluqların arasından tez-tez cadu-piti tapıldığını söyləyir. Dediyinə görə, belə hadisələr ayda, təxminən, bir neçə dəfə baş verir: "Cadular, cadulanmış şəkillər tapanda onları murdarlayırıq. Əksər hallarda bu şəkillərin kimə məxsus olduğundan və caduların kim tərəfindən bura atıldığından xəbərsiz oluruq".

"Bəzən bir şəxsin şəklinin dəfələrlə eyni qəbirin üzərinə, yan-yörəsinə atıldığını görürük. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Şəkillərin bəzilərinin üzərində iynələr olub, bəzilərinin üzərinə xaç işarəsi çəkilib. Şəkillə yanaşı balaca balışlar da tapmışam. Onların da üzərində iynə olub" – deyə həmsöhbətimiz əlavə edib.

Artıq qəbiristanlıqdan çıxmaq üzrə idik ki, bir məzar daşının yaxınlığında bir qədər öncə atıldığı ehtimal edilən, balış formasında kiçik bükülü gördük. Bu isə bir daha əminliklə deməyə imkan verir ki, bu gün cadugərlər, kiməsə cadu etdirmək istəyənlər öz çirkin əməllərini daha çox ölülərin yanında, onların qəbir daşları üzərində həyata keçirirlər.

Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Gecə pəncərəsini döyəni qəbiristanlıqda öldürdü

İlahiyyatçı Vaqif Cəliloğlu Sputnik Azərbaycan-a açıqlamasında İslam dinində caduya münasibətdən danışıb: "Cadu "Qurani-Kərim"də sehr adlanır. "Quran"da cadu haqda surələr var. Məsələn, "Nas", "Fələq". Bu surələrin nazil olmasına səbəb Məhəmməd peyğəmbərə cadu edilməsi ilə əlaqədardır".

Onun sözlərinə görə, Həzrəti Məhəmməd xəstələnəndə müəyyən müddət sonra yuxuda yəhudi kahinlərinin ona cadu etdiyini görür: "Hətta yuxuda ikən peyğəmbərə ona cadunun kim tərəfindən və necə edilməsi əyan olur. Peyğəmbər yuxuda yəhudi kahin tərəfindən 11 iynə ilə sapa 11 düyün vurulduğunu və həmin iynə-sapla edilən cadunun quyunun dibinə, daşın altına atıldığını görür".

"Peyğəmbərimiz yuxuda gördüklərini Həzrət Əliyə danışır. Həmin gecə Həzrət Əli quyunun dibindən cadunu tapır. Bundan sonra bu iki surə nazil olur. Cadu var, onu edənlər Allah tərəfindən lənətlənib. "Qurani-Kərim"də deyilir ki, cadu ilə məşğul olanlar axirətdə cavab verəcəklər" – deyə ilahiyyatçı bildirib.

V.Cəliloğlu bugünkü caduların təsirindən də söz açıb: "O zaman yalançı peyğəmbərlər olduğu kimi, indi də cadugər fırıldaqçılar peyda olub. Məqsəd asan yolla varlanmaq, camaatın cahilliyindən sui-istifadə etməkdir. Bu səbəbdən də cadu edənlərin 99 faizinin cadusu yetərli deyil, boş-boş şeylərdir. Onların elədikləri cadunun 0.5 faizi reallaşsa, bu, böyük şeydir".

"Cadunun təsir elementi həddindən artıq azdır. Bu, yalnız Allahın rizası ilə, həmin bəndənin iradəsində nə qədər möhkəm olduğunu sınağa çəkmək məqsədi ilə reallaşa bilər" - deyə həmsöhbətimiz əlavə edib.

Xəbər lenti
0