Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qarşıdakı 3 ildən maliyyə gözləntiləri: Gəlirlərimizə yönəlik proqnoz fikirləri haçaladı

Abunə olmaq
"Beynəlxalq reytinq agentliklərinin göstəricilərində çox ciddi iqtisadi və siyasi maraqların olmasını həmişə nəzərdə saxlamalıyıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. 2019-cu ilin sonunda Dövlət Neft Fondunun (DNF) likvid aktivlərinin ümumi daxili məhsulun (ÜDM), təxminən, 60%-nə bərabər olacağı proqnozlaşdırılır. Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi gözlənilir.

Bu barədə "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilir. Ekspertlər ÜDM-ə nisbətdə Neft Fondunun likvid aktivlərinin azalacağı proqnozunu Sputnik Azərbaycan-a şərh ediblər.

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Qarşıdakı 3 ildən maliyyə gözləntiləri: Gəlirlərimizə yönəlik proqnoz fikirləri haçaladı - Sputnik Azərbaycan
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, S&P, "Fitch Ratings", "Moody's" və digər beynəlxalq reytinq agentliklərinin göstəricilərini həddindən çox şişirtməməliyik: "Bu agentliklərin göstəricilərində çox ciddi iqtisadi və siyasi maraqların olmasını həmişə nəzərdə saxlamalıyıq. Düzdür, milli iqtisadiyyatımızın inkişafı nöqteyi-nəzərindən müəyyən dərəcədə bu reytinq agentliklərinin göstəricilərinin təsiri var. Bu, ilk növbədə xarici investisiyaların cəlb olunması baxımından önəm daşıyır. Amma hesab edirəm ki, ölkə iqtisadiyyatının inkişafı üçün prioritet daxili investisiya resursları olmalıdır".

"Bəli, xarici investisiyalar müəyyən sahələrdə olmalıdır və bu, qaçılmazdır. Düzdür, müəyyən mənada reytinq agentliklərinin göstəricilərinə xarici investorlar reaksiya verir. Amma bu göstəricilərin çoxu reallığı deyil, ciddi iqtisadi və siyasi maraqları əks etdirir" - deyə o bildirib.

E.Məmmədovun sözlərinə görə, DNF-in xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi real görünmür: "Düşünmürəm ki, hazırkı gedişlə Neft Fondunun likvid aktivləri bu dərəcədə azala bilər. "Standard & Poor's"un proqnoz göstəricilərində çox böyük ziddiyyət var".

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, S&P-nin proqnozundan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda ÜDM sürətlə artmayacaq: "Yaxın illərdə ÜDM-in maksimal artım tempi, təxminən, 3 faiz civarında gözlənilir. ÜDM-in artım tempi sürətli olmayacaqsa, ÜDM-ə nisbətdə Neft Fondunun vəsaitlərində azalma olacaq. 2019-cu ilin büdcəsinin 50 faizi birbaşa Neft Fondundan transferdir. Yaxın illərdə ÜDM-in artım tempinin çox yüksək olmadığını nəzərə alsaq, Neft Fondundan ayrılan vəsaitlərin həcmi isə artacaq".

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Qarşıdakı 3 ildən maliyyə gözləntiləri: Gəlirlərimizə yönəlik proqnoz fikirləri haçaladı - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

"Çünki büdcə azala bilməz. Hər il kiçik də olsa, artımlar olmalıdır. Yəni əhali artır, ölkənin tələbatı artır. Bütün bunları nəzərə alsaq, deməli, yaxın illərdə Neft Fondundan daha çox vəsaitin xərclənməsi gözlənilir. Bu da Neft Fondundakı vəsaitlərin ÜDM-ə nisbətində müəyyən azalmalara səbəb olacağına işarədir" - deyə o bildirib.

N.Cəfərlinin fikrincə, S&P-nin proqnozları kifayət qədər iqtisadi parametrlərə söykənir: "Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivləri ÜDM-in 37%-ni təşkil edə bilər. Amma bütün proqnozlar neftin qiymətinin müəyyən həddinə görə nəzərdə tutulub. Hətta manatın məzənnəsi, ÜDM-nin artım tempi ilə bağlı proqnoz da buna görə hazırlanıb".

Ekspert qeyd edib ki, neft qiymətlərinin yaxın 3 ildə indiki qiymətlərdən, təxminən, 23 faiz ucuz olacağı proqnozlaşdırılır: "Yaxın 3 ildə bu proses baş verəcəksə, Azərbaycanın makroiqtisadi göstəricilərində reytinq agentliyinin söylədiyi proseslər baş verə bilər. Yəni bunun birbaşa neftlə əlaqəsi var. Neft qiymətlərində gözlənilən azalma bu proqnozların verilməsinə əsas yaradıb".

Müsahibimizin sözlərinə görə, ÜDM-in həcmi sürətlə artmayacaq, amma ÜDM-ə nisbətdə Neft Fondunun vəsaitləri azalacaq: "3 ildən sonra Neft Fondunda toplanmış vəsaitlərin indikindən daha az olacağı ehtimalı çox yüksəkdir. Neft Fondu ölkə iqtisadiyyatı üçün təhlükəsizlik yastığıdır. Oradakı azalma bütün makroiqtisadi göstəricilərə də təsir göstərir. Amma kəskin azalma da deyil".

"Növbəti 4 il ərzində Neft Fondunun xalis aktivləri ÜDM-in 37%-ni təşkil edəcəksə, bu da kifayət qədər yaxşı göstəricidir. Amma azalma tendensiyasının olması yaxşı deyil" – deyə ekspert vurğulayıb.

Xəbər lenti
0