BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Xaime Duran və həmin komitənin baş katibi Dieqo Alexandro Qonzalez tərəfindən ölkəmizin Boqotadakı səfirliyinə başsağlığı məktubu ünvanlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, məktubda Kolumbiya qanunvericiləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, azərbaycanlılarla həmrəy olduqlarını bildirirlər.
Eyni zamanda Xocalı soyqırımında 613 insanın amansızlıqla qətlə yetirilməsini bəşəriyyətə qarşı tarixi cinayət kimi qiymətləndirilərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarını tərk etməsindən təəssüf ifadə olunur.
Xaime Duran Azərbaycan xalqına bir daha dəhşətli faciələrlə üzləşməməsini və mövcud münaqişənin qısa zamanda danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzulayır, həmçinin ölkəmizə sülh və tərəqqi diləyir.