İyirmi yeddi il əvvəl XX əsrin tarixində ən qanlı hadisələrdən biri - dinc azərbaycanlı əhaliyə qarşı erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım aktı baş verib.
Faciənin ildönümündə Azərbaycanın hər yerindən insanlar Xocalı soyğırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə yürüş ediblər. Minlərlə insan 27 il əvvəl görünməmiş vəhşiliyin qurbanı olmuş dinc həmvətənlərini "Ana fəryadı" abidəsinin önünə çiçək qoymaqla yad ediblər. Sputnik Azərbaycan bu kütləvi tədbirdən çəkilmiş şəkillərdən ibarət fotolenti diqqətinizə təqdim edir.
1992-ci ilin 25-26 fevral tarixlərində hərbi birləşmələr Xocalı şəhərinin dinc sakinlərinə qarşı genosid aktı törədərək 613 insanı qətlə yetirib, 487 nəfər aldığı güllə yaraları nəticəsində şikəst qalıb. Ölənlər arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Faciə gecəsi 1275 dinc sakin girov götürülüb, 150 nəfərin taleyindən isə indiyə qədər məlumat yoxdur.