BAKI, 25 fevral — Sputnik. İranda saxta içkidən 73 nəfər zəhərlənib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şərqi Azərbaycanın Əhər şəhərində 73 nəfər saxta içkidən zəhərlənib. Bu barədə xəbəri İrna xəbər agentliyi yayıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.
Əhər şəhər Bakır əl-Ulum Xəstəxanasının baş həkimi Dr. Hüccət Porfethi bildirib ki, zəhərlənənlər 19-50 yaşlarında olan şəxslərdir. Və onların böyük hissəsi Əhərin Vergehan kəndində yaşayır.
İranda alkoqollu içkilərin qadağan edilməsinə baxmayaraq, bəzi evlərin zirzəmilərində alkoqollu içkilər istehsal edilir. İran qanunlarına görə, alkoqollu içki istehsal edən, alan və ya satan şəxslər 6 aydan 1 ilə qədər azadlıqdan məhrumetmə və ya 74 qamçı, içənlər isə 80 qamçı cəzası ilə cəzalandırılır.
Qeyd edək ki, Hindistanda da saxta alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib. Son məlumatlara görə, 154 nəfər ölüb və 200 nəfər xəstəxanada müalicə alır. Zəhərlənmənin kustar üsulla hazırlanmış likördən baş verdiyi bildirilir.
Hadisə ilə bağlı 34 nəfər həbs edilib.
Rəsmi rəqəmlərə görə, hər il Hindistanda istehlak edilən 5 milyard litr içkinin 40 faizi rəsmi şəkildə istehsal edilir.