BAKI, 21 fevral — Sputnik. "Gün ərzində az da olsa, afterşoklar qeydə alınır. Elə gün olur ki, 3, bəzən isə 5-6 dəfə afterşok qeydə alınır. Lakin ümumilikdə afterşokların səngiməyə doğru getdiyini söyləyə bilərik". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
"Forşok, şok və afterşoklar var. Afterşoklar yalnız güclü zəlzələdən sonra qeydə alınır. Digər bölgələrdə qeydə alınan afterşoklar deyil. Bu kiçik təkanlar həmişəki kimi bəzi bölgələrdə zəif də olsa, qeydə alınır" – deyə Q.Yetirmişli əlavə edib.
Direktor müavini həmçinin, vulkan püskürmələrindən də danışıb: "Zəlzələdən sonra bir neçə yerdə vulkan püskürdü. Şamaxının "Çatlamış" kəndində torpaq sıxılması baş verdiyindən palçıq püskürmüşdü. Əslində bu heç vulkan püskürməsi də deyildi".
"Bundan başqa zəlzələ ilə əlaqədar olaraq sürüşmələr də baş verib. Bu sürüşmələr Ağsu keçidində, Qızmeydan kəndinə doğru gedəndə yolda qeydə alınıb. Nəticədə asfaltda çatlar qeydə alınıb" – deyə həmsöhbətimiz əlavə edib.
Qeyd edək ki, fevralın 5-də Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib. Zəlzələ Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınmışdı.