BAKI, 22 fevral - Sputnik. Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar.
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, EKTİS-in tətbiqi ilə bağlı pilot rayon kimi seçilmiş Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, ASAN Xidmətdə, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və ASAN Xidmətin əməkdaşlığı çərçivəsində Səyyar ASAN Xidmət avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar ASAN Xidmət avtobusuna yaxlınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda Qubada fəaliyyət göstərən ASAN Xidmət Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən brifinqdə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq: “Fermerlər www.eagro.az saytında FİN kod və telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, özünə şəxsi kabinet yaradır, çıxarış sənədi əsasında elektron xəritədə özünə məxsus torpaq sahəsinin koordinatlarını və sahəsini qeyd edir, bu il həmin sahədə hansı məhsul əkdiyi barədə məlumat verir. Formalaşan məlumatlar bazası mövcud trendləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər eyni zamanda bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon, planşet və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradır”.
Fermerləri EKTİS sistemində qeydiyyatdan keçməkdə aktiv olmağa çağıran nazirlik rəsmisi ilk gün müşahidə olunan fəallıqdan razı qaldıqlarını bildirib: “Hacıhüseynli kəndində səyyar xidmət avtobusuna yaxınşlaşan fermerlərlə söhbətlərimiz oldu. Fermerlər Elektron Kənd Təsərrüfatı Sisteminin onlara verəcəkləri üstünlükləri anlayırlar. Xidmət məntəqələrində müşahidə olunan fəallıq bunu söyləməyə əsas verir. Onların çoxsaylı suallarını könüllülərimiz, təlimə cəlb olunan əməkdaşlarımız cavablandırırlar. İlkin reaksiyalar normaldır. Həftə sonu xidmət məntəqələrinə daha çox axının olacağını gözləyirik”.
Vüqar Hüseynov əlavə edib ki, Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.