Müxbirimiz ilk olaraq yolların bərbad halda olması ilə qarşılaşıb. Onun həmsöhbəti Elçin Məmmədov 15 ildir kənd müəllimidir. Yaşadığı yer Dəvrədibi və Zəriküməco adlanan iki kəndin kəsişməsində yerləşir. Elçin deyir ki, çalışdığı kənddə qış aylarında uşaqlar tez-tez dərs buraxmalı olurlar. Elektrik naqilləri qırılır, məktəbdə istilik sistemi işləmir, yollar keçilməz hala düşür.
Kəndin sakinləri daha çox maldarlıqla məşğul olurlar. Əkinçilik isə ancaq öz ehtiyaclarını ödəmək üçündür.
Yolsuzluqdan başqa, kəndin ən böyük problemi qazın olmamasıdır. Elə sovet vaxtlarından burada qaz olmayıb. Hətta yay aylarında belə, odun yandırmağa məcbur qalırlar. Buna görə də qış üçün odun tədarükü görürlər. Bundan əlavə, qışda heyvanların qidalanması üçün kifayət qədər ot da yığmalıdırlar. Elçin müəllim deyir ki, damı otla doldura bilirsə, qışda heyvanlardan arxayın olur.
Elektrik enerjisinin tez-tez kəsilməsi də çətinliklərdən biridir. Çünki elektrik dirəklərinin çoxu çürüyüb, istifadəyə yararsız hala düşüb. Çox vaxt məhz buna görə onlar müasir dünyadan təcrid edilmiş vəziyyətdə yaşamaq məcburiyyətində qalırlar.