Ramella İbrahimova, Sputnik Azərbaycan
BAKI, 20 fevral — Sputnik. Bakıda cavan oğlan anasını ölənədək döyüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət Nərimanov RPİ-nin 17-ci polis bölməsinin ərazisində törədilib. Məlum olub ki, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını qətlə yetirib.
Qətl fevralın 18-də törədilib. Müslümov saxlanılan zaman bildirib ki, o, münaqişə zamanı stulla anasının sinəsinə vurub. Bu zaman başı divara dəyən qadın yıxılıb.
Cinayəti törətdikdən dərhal sonra Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evdə olmayıb. Fevralın 19-da gündüz saat 16:00 radələrində evlərinə qayıdıb.
Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsbit ediblər. Həkimlərdən sonra hadisə yerinə polislər gəlib. Bu, ilkin məlumatdır. Rayon prokurorluğu hadisənin detallarını araşdırır.
İlkin dindirilmə zamanı məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon üstündə düşüb. Müslümov anasından özünə smartfon almaq üçün pul istəyib. Anası isə pul verməkdən imtina edib. Bundan qəzəblənən oğlan anasına əl qaldırıb.
Qeyd edək ki, oğlan və anası tək yaşayırmış. O da məlum olub ki, oğlan epilepsiyadan əziyyət çəkir və psixi çatışmazlığı var. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.