BAKI, 20 fevral — Sputnik. İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın "ÖBB Holding AG" dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sputnik Azərbaycan-a nazirlikdən daxil olan məlumata görə, nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini, görüşlərin xüsusi əhəmiyyətini qeyd edib.
"Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, 2018-ci ildə ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur" – deyə nazir bildirib.
Ş.Mustafayev Avstriya ilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı imkanlarını qeyd edib. O nəqliyyat strukturları arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.
Avstriyanın "ÖBB Holding AG" dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matte ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. O rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi görüşdə ikitərəfli qarşılıqlı nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.