BAKI, 19 fevral — Sputnik. "Biz ilk növbədə 5-ci Xəzər Sammitində qəbul olunan qərarların necə reallaşdırılmasını müzakirə etməliyik. İkincisi, biz bu iclas çərçivəsində hələlik ümumi planda ərazi suları, balıqçılıq zonalarının hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı düz çıxış xətlərinin müəyyən olunmasına dair fikir mübadiləsi aparacağıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov deyib. Onun sözlərinə görə, burada tərəflər öz fikirlərini səsləndirəcəklər.
"Bundan əlavə, biz prosedur qaydalarını razılaşdırmalıyıq. Çünki işçi qrupu bir illiyi deyil, Konvensiyanın qüvvədə olduğu dövrü əhatə edəcək. Ona görə də bu qaydaları hansı səviyyədə işləməyimizdən işçi qrupunun sonrakı fəaliyyəti asılı olacaq" - deyən Bradçikov vurğulayıb ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun növbəti iclası yaxın aylarda keçiriləcək.
Qeyd edək ki, hazırda Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclas iki gün (19-20 fevral) davam edəcək.
İclasda Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Toplantıda Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova, İran və Türkmənistandan olan rəsmilər də iştirak edirlər.