Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 fevral - Sputnik. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşü keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, S.Babayev görüş zamanı bildirib ki, 2268 şəhid ailəsinə 11 min manat birdəfəlik müavinət verilib: “115 milyon manat ancaq bu məqsədlər üçün ayrılıb. Şəhid ailələrinə verilən müavinətin məbləği 20 faiz artırılaraq 300 manata qaldırılıb”.
“Son 6 ay ərzində 35 milyon manat Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzil tikintisi üçün ayrılıb. 626 mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilib. 800 mənzil də bu il şəhid ailələrinə və müharibə əlillərinə təhvil veriləcək” – nazir deyib.
S.Babayev, həmçinin qeyd edib ki, müharibə əlillərinə 250-yə yaxın avtomobil verilib: "Bu il 170-180 avtomobil də veriləcək. Milli qəhrəmanlara verilən təqaüdün məbləği artırılaraq 1500 manata çatdırılıb. Müharibə veteranlarına 55 manat təqaüd verilir. Həmçinin Çernobl əlillərinə də diqqət ayrılır".
“Ölkə başçısının əmri ilə minimum pensiyanin 160 manata çatdırılması gözlənilir. Bu dəyişiklik parlamentə təqdim olunub və müzakirələr aparılır. Bu dəyişiklik 140 min nəfər əlilliyi olan şəxsin pensiyasında artım deməkdir” – nazir bildirib.
Babayev qeyd edib ki, eyni zamanda sosial müavinətlərin də təkmilləşdirilməsində işlər aparılır: “Ümumilikdə, təxminən, 500 min şəxs müavinət alır. Onların əksəriyyəti müharibə veteranları və şəhid ailələridir. Bu dəstək davamlı olacaq. Son 6 ay-1 il ərzində görülən işlər göz önündədir və bu, hələ başlanğıcdır”.
Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.