BAKI, 19 fevral — Sputnik. Dünən Bəşər Əsəd PKK/YPG-nin dəstəkçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) çağırış etmiş, "Türkiyədən sizi ABŞ deyil, mən qoruyuram" mesajı göndərmişdi.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İŞİD əleyhinə koalisiyanın ABŞ-dan olan komandiri Pol Lacamera Əsədin çağırışına münasibət bildirib. Pol Lacamera deyib ki, SDQ Moskva və Dəməşqə yaxınlaşsa, ya da onlarla əməkdaşlıq etsə, SDQ ilə birgə işləməyə son verəcək və hərbi yardımları kəsəcəklər.
Əsəd dünən etdiyi açıqlamada ad vermədən PKK/YPG-yə çağırış edib: "Sizi dövlətinizdən başqa kimsə qorumaz. Əgər ölkəni müdafiə etmək üçün özünüzü hazırlamasanız, Türkiyənin köləsi olmaqdan başqa bir şey edə bilməzsiniz. Amerikalılar sizi satacaq. Suriya ordusundan başqa kimsə sizi qoruya bilməz".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı verməsilə terror təşkilatı ona sahib çıxacaq yeni bir dövlət axtarışına başlayıb. Fransa başda olmaq üzrə bir çox ölkə ilə masaya oturan PKK/YPG/SDQ ümid etdiyini tapa bilməyincə Əsəd və Rusiyaya yaxınlaşmağa başlayıb. Ancaq hər hansı bir nəticə əldə edilməyib.