Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. “Avropa İttifaqı və Azərbaycan arasında aviasiya haqqında sazişin imzalanmasından hər iki tərəf mənfəət əldə edəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktoru Henrik Hololey bildirib.
Hololey vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı aviasiya sazişi haqqında danışıqları son 6 ildir davam etdirirlər: "Danışıqlarda lap əvvəllər xüsusi bir irəliləyişə nail olunmurdu, lakin son zamanlar irəliləyiş müşahidə olunur".
O, həmçinin, danışıqların növbəti raundunun gələn ay keçiriləcəyini də istisna etməyib: "Hələlik müzakirələr davam etdiyindən detalları açıqlamaq istəmirəm. Lakin hər bir danışıqlarda olduğu kimi burda da tərəflər nəticədən razı olmalıdırlar. Mən ümid edirəm ki, danışıqlar bu il yekunlaşa bilər. Lakin ən vacib olan keyfiyyətdir".
O, həmçinin vurğulayıb ki, budəfəki səfər çərçivəsində və keçirilən görüşlərdə Azərbaycan tərəfinin bu məsələdə maraqlı olduğunu hiss edib.