Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Bakı sakini az qala soyğunçuların hücumu nəticəsində həyatını itirəcəkdi. Çünki cinayətkarlar onu məftillə boğub öldürməyə cəhd ediblər. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət fevralın 18-də Qara Qarayev prospektində baş verib. İki naməlum şəxs sərnişin qismində 48 yaşlı Abbasov Gündüz Əlövsət oğlunun idarə etdiyi Nissan markalı avtomobilə əyləşərək Bünyadov küçəsinə gedəcəklərini bildiriblər. Gedəcəkləri ünvana çatmamış sərnişinlərdən biri arxadan sürücünün boynuna məftili salaraq onu boğmağa başlayıb. Cinayətkarlar bu yolla Abbasovdan pul tələb ediblər. Kişinin üstündə isə cəmi 22 manat pul olub.
Quldurlar taksi sürücüsünün pullarını, mobil telefonunu və sənədlərini götürərək maşını metronun "Həzi Aslanov" stansiyasına sürməyi tələb ediblər. Burada cinayətkarlar maşından düşərək sürətlə ərazidən uzaqlaşıblar. Abbasov dərhal Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsinə şikayət edib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər faktla bağlı şübhəli şəxslərdən birini - 33 yaşlı Abbasov Sahil Vahid oğlunu saxlayıblar. Abbasovun Mahir adlı cinayət ortağı da müəyyən edilib. Hazırda sonuncunun saxlanılması istiqamətində tədbirlər görülür.
Soyğunçuluq faktı ilə bağlı cinayət işi açılıb.