BAKI, 18 fevral — Sputnik. İsrailin "Aeronautics" şirkəti məlumat yayaraq qeyd edib ki, tenderdə qalib gələrək Azərbaycanla bir neçə milyonluq müqavilə imzalayıb. Bu barədə Sputnik Azərbaycan "The Jerusalem Post"-a istinadən xəbər verir.
13 milyon dəyərində olan iki illik müqavilə "Orbiter 1K" dronlarının təmirini və texniki baxışını nəzərdə tutur.
Qeyd edək ki, fevralın əvvəlində İsrail Müdafiə Nazirliyi erməni KİV-nin ittiham etdiyi "Aeronautics Ltd"-yə Azərbaycana silah ixrac etmək üçün verilən lisenziyanı bərpa edib.
2017-ci ildə erməni KİV-i məlumat yaymışdı ki, guya "Aeronautics Ltd." şirkətinin əməkdaşları "Orbiter 1K" dronlarının imkanlarını Azərbaycanın rəsmi şəxslərinə göstərmək üçün işğal altında olan ərazilərdə yerləşdirilən erməni hərbçilərinə qarşı yönəldib. Erməni KİV-nin yazdığına görə, guya bundan sonra İsrail Müdafiə Nazirliyi şirkətin rəsmi Bakıya silah ixracına dair lisenziyasını dayandırıb.
İsrail KİV-i isə yazıb ki, "Aeronautics Ltd." dronlarının Azərbaycana tədarükünə icazə verilməsi barədə qərar İsraildə ən böyük silah ixracatçılarından olan "Rafael"in həmin şirkəti 231 milyon dollar qarşılığında almasından 3 həftə sonra qəbul edilib.
Azərbaycan və "Aeronautics Ltd."-nin birgə yaratmış olduğu "Azad Systems" adlı birgə müəssisə "Aeronautics" tərəfindən hazırlanan "Orbiter" uçan pilotsuz aparatları, həmçinin "Orbiter 1K"nın bazasında "Zərbə" adlı raket buraxır.